Zəlzələ ilə bağlı FHN açıqlama yaydı - FOTO - YENİLƏNİB

12 İyun 2026 16:18

Qəbələ rayonunda qeydə alınan zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Milli.Az xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, bu vaxtadək zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb.

Qurumdan bildirilib ki, vəziyyət nəzarətdə saxlanılır və əlavə məlumatlar olduqca ictimaiyyətə təqdim ediləcək.

_________________

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində baş verib.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.

Yeraltı təkanların Oğuz, Qəbələ və digər rayonlarda da hiss edildiyi bildirilir.

Zəlzələnin 5 bal gücündə olduğu ilə bağlı sakinlər bildirişlər alıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

___________

Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, zəlzələ Oğuz və Ağdaş daxil olmaqla bir neçə rayonda hiss edilib.

Smartfonlara gələn xəbərdarlıqda zəlzələnin maqnitudasının 5,1 bal olduğu qeyd olunub.