Universiteti bitirdikdən sonra öz ixtisası üzrə deyil, tamamilə fərqli sahələrdə çalışanların sayı kifayət qədərdir. Bəzi məzunlar seçdikləri peşədən narazı olduqları, bəziləri isə əmək bazarında uyğun iş tapa bilmədikləri üçün fərqli istiqamətlərə üz tutur. Bu vəziyyət ali təhsil sistemi ilə əmək bazarı arasındakı uyğunluq məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Milli.Az-ın suallarını cavablandırıb.
-Son illər universiteti bitirib öz ixtisası üzrə işləməyən gənclərin sayının artdığını demək olarmı?
-Bəli, son illər bu istiqamətdə vəziyyətin daha da kritikləşdiyini demək olar. Amma bir məqamı da qeyd edim ki, bu problem yeni deyil, əvvəldən də mövcud olub. Bu gün bir çox sahələrdə həmin istiqamət üzrə bakalavr və ya magistr təhsili almayan şəxslərin uğurla fəaliyyət göstərdiyini görmək mümkündür. Yəni qeyri-ixtisaslı insanların əmək bazarında və istehsalatda uğur qazanması hallarına az rast gəlməmişik. Məsələyə bu tərəfdən də baxmaq lazımdır. Amma hər bir praktiki uğurun arxasında nəzəri hazırlıq dayanır. Universitet təhsili bir peşəyə nəzəri baxımdan yiyələnmək deməkdir. Klassik yanaşmalarda da, müasir tələblərdə də ən uğurlu praktika "nəzəriyyə ilə zənginləşdirilmiş praktika" hesab olunur. Təəssüf ki, gənclərin öz ixtisası üzrə deyil, başqa sahələrdə çalışması bu elementi zəiflədir. Çünki bir gənc diplom aldığı istiqamətdə işləmirsə, ya həmin sahə üzrə nəzəri hazırlığı kifayət etmir, ya da oxuduğu ixtisası bəyənmir. Bu isə həmin ixtisasın əmək bazarındakı perspektivinin zəif olduğunu göstərir. Beləliklə, problemlər bir-biri ilə zəncirvari şəkildə əlaqələnir.
-Bu vəziyyətin əsas səbəbləri nələrdir? Gənclərin seçimində, yoxsa əmək bazarındakı problemlərdə?
-Mən düşünürəm ki, bunun əsas səbəbi məhz gənclərin seçimidir. İşimlə əlaqədar bir çox universitetlərdə oluram və həmişə diqqət etdiyim əsas məqamlardan biri abituriyentləri müşahidə etməkdir. İnanın ki, çox az abituriyentin gözündə həvəs, enerji və məqsədyönlülük görürəm. Bu vəziyyət təkcə aşağı və ya orta ballı ixtisaslarda deyil, yüksək bal tələb edən ixtisaslarda da müşahidə olunur. Çünki bəzi gənclər həqiqətən olmaq istədikləri yerdə olmurlar, öz hədəflərinin arxasınca getmirlər. Onlar müəyyən təsirlərin, ictimai stereotiplərin və ya dəbin təsiri ilə seçim edirlər. İlk həyəcan dövrü keçdikdən sonra isə harada olduqlarının fərqinə varırlar və artıq gec olur. Hər kəsin həyatı sıfırdan başlamaq imkanı və cəsarəti olmur. Əmək bazarındakı problemlərin də müəyyən qədər rolu var. Amma hesab edirəm ki, bir şəxs özünü əmək bazarı üçün güclü və peşəkar resurs kimi formalaşdıra bilsə, ciddi problem yaşamaz. Məsələn, bu gün İT və kompüter yönümlü ixtisaslar üzrə çoxlu tələbə təhsil alır. Bir tərəfdən gənclər iş tapa bilmədiklərini deyirlər, digər tərəfdən isə dövlət və özəl sektorda işəgötürənlər güclü İT mütəxəssisi tapa bilmədiklərindən şikayətlənirlər. Hətta bəzən xaricdən mütəxəssis dəvət edib onlara bir neçə dəfə yüksək maaş təklif edirlər. Bu da göstərir ki, problem iki tərəflidir.
-Hansı ixtisas məzunları daha çox öz sahəsindən kənarda çalışır?
-Bu, çox maraqlı sualdır. Mən buna yalnız bir ixtisasın adını çəkməklə cavab verə bilmərəm. Təbii ki, mənim subyektiv siyahımda bir neçə istiqamət var. İlk növbədə pedaqoji profilli ixtisasları qeyd edərdim. Bu gün istər dövlət, istərsə də özəl universitetlərdə pedaqoji istiqamətlər üzrə çoxlu sayda tələbə təhsil alır. Amma xüsusilə oğlan tələbələr arasında tez-tez belə fikirlərlə rastlaşırıq: "Müəllimliyi oxumuşam, amma müəllim işləmək fikrim yoxdur". Bu səbəbdən pedaqoji ixtisasları bitirib öz sahəsində çalışmayanların sayı kifayət qədər çoxdur. Digər istiqamət isə iqtisadi profilli ixtisaslardır. Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, beynəlxalq ticarət və logistika, mühasibatlıq kimi sahələri bitirənlərin əhəmiyyətli bir hissəsi sonradan öz ixtisası üzrə fəaliyyət göstərmir. Sorğu aparsaq, bir çox insanın maliyyə, biznesin idarə edilməsi və ya marketinq təhsili aldığını görərik. Halbuki mən hesab edirəm ki, ölkədə peşəkar iqtisadçılara hələ də ciddi ehtiyac var. Burada maraqlı bir ziddiyyət də yaranır. Bir tərəfdən universitetlər hər il bu istiqamətlər üzrə yüzlərlə məzun hazırlayır, digər tərəfdən isə iri korporasiyalar peşəkar və bacarıqlı kadr çatışmazlığından əziyyət çəkir. Nəticədə həmin ixtisasları bitirənlərin bir qismi tamamilə fərqli sahələrdə çalışmağa üstünlük verir.
-Əmək bazarında hansı sahələrdə mütəxəssis bolluğu, hansı sahələrdə isə çatışmazlıq müşahidə olunur?
-Bəli, elə istiqamətlər var ki, orada ciddi kadr çatışmazlığı, elə istiqamətlər də var ki, artıq kadr yüklənməsi mövcuddur. Maraqlıdır ki, bu vəziyyət pedaqoji profilli ixtisaslarda da özünü göstərir. Çünki bizdə pedaqoji fəaliyyət əsasən məktəblərlə məhdudlaşır. Müəllimliyi bitirən bir çox insan düşünür ki, yalnız dövlət məktəbində işləməlidir. Özəl təhsil sektoru isə say baxımından geniş deyil və müəllimlərin çalışa biləcəyi alternativ layihələr də kifayət qədər azdır. Məhz buna görə də bu sahədə kadr bolluğu yaranır. Müəllimlərin İşə Qəbulu müsabiqəsində bəzən 100 baldan 92-93 bal toplayan namizədlərin belə işlə təmin olunmaması bunun bariz nümunəsidir.
-Öz ixtisası üzrə işləməyən məzunların çox olduğu sahələrdə qəbul planı azaldıla bilərmi?
-Bəli, artıq bir neçə ildir ki, bu istiqamətdə müəyyən addımlar atılır. Mən özüm də ixtisas seçimi sahəsində fəaliyyət göstərdiyim üçün bunu illərdir müşahidə edirəm. Plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyənləşdirilir. Məsələn, bu gün universitetə qəbul olan tələbənin dörd ildən sonra məzun olacağı nəzərə alınır və həmin dövrdə əmək bazarında hansı sahələrə ehtiyac olacağı proqnozlaşdırılır. Universitetlərdə plan yerləri də əsasən bu tələbat əsasında formalaşdırılır.
-Bəzi ixtisasların gələcəkdə tamamilə ləğv edilməsi real görünürmü?
-Məncə, burada vacib bir məqam var. Hər hansı ixtisasın ləğv olunub-olunmaması onun cəmiyyət və əmək bazarı üçün nə qədər zəruri olmasından asılıdır. Əgər dövrün tələbi həmin ixtisası yaşadırsa, o da varlığını davam etdirəcək. Ən pis halda həmin ixtisas formasını dəyişəcək, yenilənəcək, yeni məzmun qazanacaq. Amma onun tamamilə ləğv olunacağını düşünmürəm. Bu gün əsas məsələ ixtisasları dövrün tələblərinə uyğun şəkildə reformasiya etməkdir. Əgər bu baş verərsə, həmin ixtisaslar yaşayacaq. Çünki əmək bazarı müxtəlif ixtisasların və peşələrin məcmusundan formalaşır. Tələbat varsa, ixtisas da olacaq, tələbat yoxdursa, zamanla aktuallığını itirəcək.
-Hazırda əmək bazarında daha çox hansı ixtisaslara ehtiyac var? Hansı sahələrə maraq nisbətən azdır?
-Hazırda əmək bazarında ən çox ehtiyac duyulan istiqamətlər sırasında İT profilli ixtisaslar, süni intellekt mütəxəssisləri və innovasiya yönümlü sahələr dayanır. Düşünmürəm ki, bu istiqamətlərə maraq azdır. Əksinə, maraq kifayət qədər yüksəkdir. Problem ondadır ki, həmin ixtisaslar necə tədris olunur və əmək bazarına nə dərəcədə praktik hazırlıqlı mütəxəssis təqdim edilir.
-Sizcə, yaxın 5-10 ildə bəzi ixtisasların birləşdirilməsi və ya qəbulun məhdudlaşdırılması gündəmə gələ bilərmi?
-Sualın birinci hissəsinə cavab olaraq deyim ki, ixtisasların birləşdirilməsi ideyasını çox da real hesab etmirəm. Bir ixtisas zamanın tələblərinə uyğun olaraq formasını dəyişə, yeni istiqamətlər qazana bilər. Amma başqa bir ixtisasla birləşməsi, məncə, onun mövcudluğunu sual altına ala bilər. Qəbulun məhdudlaşdırılması məsələsinə gəldikdə isə, bu proses artıq müəyyən mənada həyata keçirilir. Əmək bazarının tələbatına uyğun olaraq bəzi sahələr üzrə plan yerləri artırılır, bəzilərində isə azaldılır. Düşünürəm ki, gələcəkdə də bu yanaşma davam edəcək və əsas meyar əmək bazarının real ehtiyacları olacaq.
Mina Mikayılova