Sürücülük hüququ ömürlük verilə bilərmi?

12 İyun 2026 13:19

Azərbaycanda sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslər müəyyən şərtləri yerinə yetirməlidirlər. Bunun üçün namizədin 18 yaşı tamam olmalı, sürücülük kursunda təhsil almalı, nəzəri və praktiki imtahanlardan uğurla keçməli, həmçinin sağlamlıq vəziyyətini təsdiqləyən tibbi arayış təqdim etməsi tələb olunur.

Milli.Az xəbər verir ki, hazırkı qaydalara uyğun olaraq, bütün tələblərə cavab verən vətəndaşlara sürücülük hüququ verilir.

Müzakirə olunan məsələlərdən biri isə sürücülük vəsiqələrinin müddətsiz verilməsinin nə dərəcədə məqsədəuyğun olmasıdır. Məsələ ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, sürücünün avtomobil idarə etmək qabiliyyətini müəyyən edən əsas amil yaşı deyil, sağlamlıq durumudur.

Ekspert qeyd edib ki, 70 yaşdan yuxarı şəxslər müəyyən fasilələrlə tibbi müayinədən keçməli və sürücülük üçün yararlı olduqlarını təsdiqləyən arayış təqdim etməlidirlər. Hazırda bu prosedur iki ildən bir həyata keçirilir.

Məsələyə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı da eyni mövqeni bölüşür.

O hesab edir ki, sürücülük hüququnun məhdudlaşdırılması yaş göstəricisinə deyil, insanın fiziki, psixoloji və tibbi vəziyyətinə əsaslanmalıdır. Onun fikrincə, görmə qabiliyyəti və ümumi sağlamlıq durumu avtomobil idarə etməyə imkan verən şəxslərin sürücülük hüququ yaş səbəbi ilə məhdudlaşdırılmamalıdır. 

Asya