ABŞ-da keçiriləcək 2026-cı il Dünya Kubokunu tribunadan izləmək arzusu baş tutmayan bəzi argentinalılar gözlənilməz hədiyyə qazanıblar.
Milli.Az xəbər verir ki, Argentinanın məişət texnikası istehsalçısı "Newsan" şirkəti ABŞ vizası ala bilməyən azarkeşlər üçün maraqlı kampaniyaya start verib. Şirkət yanvar-iyun ayları arasında viza müraciətinə rədd cavabı alan ilk 100 nəfərə yerli istehsal olan "Noblex" markalı televizor hədiyyə edib.
Sosial şəbəkələrdə yayımlanan reklamda vətəndaşlara "Vizanız rədd olunubsa, heç olmasa Dünya Kubokunu yeni televizorda izləyin" mesajı verilib.
Qeyd edək ki, üçqat dünya çempionu olan Argentinada futbol həyəcanı bu il əvvəlki mundiallarla müqayisədə daha zəif hiss olunur. Bir çox azarkeş Lionel Messinin rəhbərliyi altında keçiriləcək bu turniri komandanın növbəti böyük uğur üçün son şanslarından biri hesab edir.