8 milyondan çox termos təcili geri çağırıldı: Kor edirmiş

11 İyun 2026 23:27

ABŞ-də milyonlarla "Thermos" markalı məhsul qapaqların təzyiqlə fırlanaraq istifadəçilərdə ciddi xəsarətlərə yol açması səbəbindən təcili olaraq bazardan yığılır.

Milli.Az xəbər verir ki, ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası təxminən 8,2 milyon məhsulun geri çağırıldığını elan edib. Geri çağırılma qərarı "Stainless King" seriyalı yemək qablarını və "Sportsman" seriyalı şüşə termosları əhatə edir.

Səlahiyyətli şəxslər müəyyən ediblər ki, qabların içərisində uzun müddət saxlanılan qida və mayelər yüksək təzyiq yaradır. Təzyiq tənzimləyici klapanı olmayan qapaqların açılma anında şiddətlə fırlandığı və istifadəçilərdə kəsik və ya zərbə qaynaqlı xəsarətlərə səbəb olduğu bildirilir.

İndiyədək 27 fərqli xəsarət faktı qeydə alınıb. Bu hadisələr nəticəsində çox sayda insan tibbi yardım alarkən, üç istifadəçinin gözünə dəyən qapaqlar səbəbindən daimi görmə qabiliyyətini itirdiyi açıqlanıb.

Geri çağırılma prosesi xüsusilə 2023-cü ilin iyul ayından əvvəl istehsal olunmuş müəyyən model nömrəli məhsulları hədəf alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, istehlakçılar müvafiq model nömrələrini yoxlamalı və bu məhsullardan istifadəni dərhal dayandırmalıdırlar.

"Thermos" şirkəti zərərçəkmiş istifadəçilərin yeni qapaq təmini və ya məhsul dəyişimi üçün müraciət edə biləcəyini bəyan edib. İstehlakçıların təhlükəsizliyi naminə həyata keçirilən bu prosesdə riskli məhsulların müəyyən edilməsi üçün şirkət və komissiya birgə fəaliyyət göstərir.

Lalə Qüdrətova
Milli.Az