Qəhvə vərdişi milyonlarla insan üçün enerjili bir günün vazkeçilməzidir. Səhər oyanan kimi içilən qəhvə yorucu bir günün ardından içilən qəhvə və hətta baş ağrısını kəsmək üçün içilən qəhvə də var. Lakin demək olar ki, heç kim qəhvənin bədənə olan təsirləri barədə dərindən düşünmür. Qəhvə içmək toxunma duyğusuna baxın necə təsir edir.
Milli.Az xəbər verir ki, milyonlarla insanın günə başlama ritualı olan qəhvə haqqında qaydaları pozan yeni bir araşdırma dərc olunub. Mütəxəssislər müəyyən ediblər ki, kafein insanı sadəcə gümrah saxlamaqla qalmır, həm də beynin toxunma duyğusuna və bədən hərəkətlərinə verdiyi reaksiyanı kökündən dəyişir. Budur, həmin araşdırmanın diqqətçəkən detalları:
Beyindəki filtrləmə sistemi güclənir
Kiçikmiqyaslı, lakin böyük təsirə malik yeni bir araşdırmaya görə, kafein qəbulu beynin SAI (Qısamüddətli Afferent İnhibisiya) adlı kritik bir prosesinə təsir göstərir. Bu proses beynin hər toxunuşa həddindən artıq reaksiya verməsinin qarşısını alan, hərəkətləri rəvan və idarəolunan saxlayan bir növ "filtrləmə sistemi" rolunu oynayır.
Tədqiqatçılar 20 sağlam yetkin insan üzərində apardıqları təcrübələrdə müəyyən ediblər ki, 200 mq (təxminən iki fincan qəhvə) kafein qəbul edən şəxslərin beyni, toxunma sonrası əzələ reaksiyalarını məhdudlaşdırmaqda daha uğurlu nəticə göstərir.
Bəs bir fincan qəhvə buna necə nail olur? Elm adamlarının fikrincə, bunun açarı beyindəki asetilxolin adlı kimyəvi xəbərçidir:
Kafein yuxumuzu gətirən adenozin reseptorlarını bloklayır.
Bu blokada, duyğularımızla əzələ hərəkətlərimizin koordinasiyasını təmin edən asetilxolin miqdarını artıra bilər.
Beyin bədəndən gələn toxunma siqnallarını daha dəqiq şəkildə emal edir və əzələ reaksiyalarını daha effektiv idarə edir.
Altsheymer müalicəsində yeni dövr
Araşdırmanın ən həyəcanverici tərəfi isə bu tapıntıların nevroloji xəstəliklərlə olan əlaqəsidir. Elm adamları kafeinin bu təsirinin Altsheymer müalicəsində istifadə olunan bəzi dərmanların iş prinsipləri ilə oxşarlıq təşkil etdiyini fərq ediblər.
Mütəxəssislər qeyd edirlər ki, bu mexanizmin daha yaxşı başa düşülməsi Altsheymer və Parkinson kimi xəstəliklərin fizioloji prosesinə dair həyati əhəmiyyətli ipucları verə bilər.
Elm adamları bu tapıntılar işığında xəbərdarlıq edirlər ki, beyin müayinəsindən (xüsusilə SAI ölçümlərindən) keçəcək şəxslər testdən əvvəl qətiyyən kafein qəbul etməməlidirlər.
Araşdırma qrupu indi 400 mq və daha çox kafein dozalarının beyin üzərindəki təsirlərini öyrənmək üçün daha genişmiqyaslı testlər hazırlayır. Görünən odur ki, hər səhər içdiyimiz o bir fincan qəhvənin içində hələ də kəşf olunmağı gözləyən nəhəng bir dünya var.
Lalə Qüdrətova
Milli.Az