Azov dənizində vurulan "Natra" yük gəmisində sağ qalan vətəndaşlarımızdan biri Lənkəranın Boladi kəndindən olan Elməddin Axundzadədir.
Milli.Az xəbər verir ki, həmin gəmidə elektrikçi işləyən Elməddin yaşanan dəhşətli anları danışıb.
"Gəmidə 12 nəfər heyət idik. Saat 12:05-də vızıltı səsinə ayıldım. Çöldən qışqırdılar ki, gəmi dronla vurulub, hamı aşağı toplaşmalıdır. İkinci zərbə endirildi. Üçüncü zərbədən sonra əlaqəyə keçmək istədik, lakin daha bir zərbə də gəldi. Beşinci zərbə ilə vəziyyət daha da gərginləşdi. Psixoloji olaraq çox pis idik. Səhəri gözləyirdik ki, cəsədləri axtaraq. Cəsədlərdən birini tapdıq, gəmi isə darmadağın olmuşdu. Bir az axtardıqdan sonra gəminin kapitanını da tapdıq. Sonra rus katerləri gəlib bizi xilas etdilər. Cəsədləri bir katerə, sağ qalanları isə digər katerə yığdılar. Ruslar şoka düşmüşdülər ki, bu cəsədləri necə çıxarmışıq", - deyə o, bildirib.
Qeyd edək ki, iyunun 5-də Azov dənizində iki xarici yük gəmisinə dronlarla zərbələr endirilib. Nəticədə, dörd Azərbaycan vətəndaşı həlak olub, dörd nəfər yaralanıb. Hər iki gəmidə sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü ölkəyə gətirilib, həlak olanların nəşləri isə ailələrinə təhvil verilib.
Milli.Az