Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib - YENİLƏNİB

11 İyun 2026 16:09

Bu gün Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndərilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ümumilikdə 984 ton dizel yanacağı daşıyan 17 vaqon "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Bildirilib ki, yük Gürcüstan ərazisindən tranzit keçərək Ermənistana çatdırılacaq.

Məlumata əsasən, indiyədək Azərbaycandan Ermənistana 12 min tondan artıq dizel yanacağı, 979 ton Aİ-92 və 2 955 ton Aİ-95 markalı benzin ixrac edilib.

Qeyd edək ki, Ermənistana yanacaq tədarükünə 2025-ci il dekabrın 18-də start verilib. Həmin tarixdə bu ölkəyə 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərilmişdi.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında imzaladığı qərardan sonra Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı uzun illər qüvvədə olan məhdudiyyətlər aradan qaldırılıb və bu istiqamətdə daşımalar davam etdirilir.

__________________

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının daha bir partiyasının göndərilməsi nəzərdə tutulur.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Biləcəri stansiyasından 17 vaqonla ümumilikdə 984 ton dizel yanacağı yola salınacaq.