Məhərrəmlik ayı qızılın qiymətinə necə təsir edəcək? - AÇIQLAMA

11 İyun 2026 13:34

Məhərrəmlik ayının başlaması qızıl-zinət əşyaları bazarında daha çox alıcı davranışının strukturuna təsir edən mövsümi amil kimi qiymətləndirilə bilər.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

O bildirib ki, bu dövrdə bazarda ümumi tələbatın tam dayanmasından deyil, əsasən alış məqsədlərinin və məhsul seçimlərinin dəyişməsindən danışmaq daha doğru olar.

"Təcrübədə Məhərrəmlik ərəfəsində mərasim məqsədli alışlar, xüsusilə toy və nişanla bağlı iri həcmli dəstlər, üzük, boyunbağı və digər zərgərlik məmulatları üzrə tələbat müəyyən qədər azalır. Bununla yanaşı, bəzi alıcılar belə alışları Məhərrəmlik ayından əvvəl həyata keçirməyə çalışır, bir qismi isə alış qərarını sonrakı dövrə saxlayır. Bu baxımdan bazarda qısa müddətli yerdəyişmə və gözləmə mövqeyi formalaşa bilər."

R.Əmircanov qeyd edib ki, eyni zamanda qeyd edilməlidir ki, qızıl bazarı yalnız mərasim xarakterli alışlardan ibarət deyil.

"Gündəlik istifadə üçün nəzərdə tutulan daha sadə və kiçik çəkili məmulatlar, hədiyyə məqsədli alışlar, eləcə də yığım və dəyərin qorunması məqsədilə alınan qızıl məhsulları üzrə maraq müəyyən səviyyədə davam edə bilər. Bu səbəbdən Məhərrəmlik dövründə bazarda əsasən məhsul çeşidləri və alıcı tələbatının istiqaməti dəyişir. Sahibkarlar üçün bu dövr daha çox satış həcmlərinin və anbar ehtiyatlarının mövsümi tələbat səviyyəsinə uyğun idarə edilməsi baxımından əhəmiyyətlidir. Alıcılar isə belə dövrlərdə qiymətləri, beynəlxalq qızıl bazarındakı dəyişiklikləri və daxili satış şərtlərini daha diqqətlə izləyirlər. Bu da bazarda ehtiyatlı davranışın artmasına səbəb olur."

İqtisadçı vurğulayıb ki, Məhərrəmlik ayının qızıl-zinət əşyaları bazarına təsiri daha çox mərasim yönümlü alışların azalması, alıcıların bir hissəsinin alış qərarını təxirə salması və tələbatın daha kiçik çəkili, gündəlik istifadə və yığım xarakterli məhsullara yönəlməsi formasında özünü göstərə bilər.

"Bununla belə, bu proses bazarda kəskin və uzunmüddətli durğunluq kimi qiymətləndirilməməlidir. Məhərrəmlik dövrü başa çatdıqdan sonra, xüsusilə toy və mərasim mövsümünün aktivləşməsi ilə tələbatın yenidən canlanması mümkündür", - deyə R.Əmircanov qeyd edib.

Qeyd edək ki, bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq.

Ayxan
Milli.Az