Əmək münasibətlərində işçilərin ən çox narahatlıq keçirdiyi məsələlərdən biri işdən çıxarılma riskidir. Lakin Azərbaycan qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə xüsusi təminatlar verir və onların əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsini qadağan edir.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, bəzi işçilərin əmək müqaviləsi Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işəgötürən tərəfindən ləğv edilə bilməz.
Qanuna görə, aşağıdakı şəxslər bu hüquqi müdafiədən yararlanırlar:
hamilə qadınlar;
üç yaşınadək uşağı olan qadınlar;
üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;
yeganə qazanc yeri işlədiyi müəssisə olan və məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər;
əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər;
şəkərli diabet və ya dağınıq skleroz xəstəliyindən əziyyət çəkən şəxslər;
həmkarlar ittifaqı təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olan işçilər;
öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan şəxslər;
məzuniyyətdə, ezamiyyətdə olan və ya kollektiv danışıqlarda iştirak edən işçilər.
Beləliklə, qanun sosial müdafiəyə daha çox ehtiyacı olan və ya müəyyən həssas vəziyyətdə olan işçilərin əmək hüquqlarını qorumağı nəzərdə tutur.
Bu səbəbdən işəgötürənlər həmin şəxslərlə bağlı qərar qəbul edərkən Əmək Məcəlləsinin tələblərinə ciddi şəkildə əməl etməlidirlər.
Fidan