Qatıqla qəhvəni bir yerdə təsəvvür etmək bir qədər qəribə görünsə də, qatıqlı qəhvə sosial şəbəkələrdə sürətlə yayılan sağlam yaşam trendləri arasındadır. Qəhvəyə qatıq əlavə edildikdə kremli və yüksək zülallı bir içki əldə etmək mümkündür. Bəs, qatıqlı qəhvə hansı faydaları ilə ön plana çıxır?
Qatıqlı qəhvə necə hazırlanır?
Milli.Az xəbər verir ki, qəhvəyə bir neçə dolu qaşıq, yəni təxminən yarım stəkan qatıq əlavə etməklə qatıqlı qəhvə hazırlamaq olar. Bu qarışım üçün adətən soyuq Dəmlənmiş Qəhvə (Cold Brew) seçilir. Qatıqlı qəhvənin bəzi variantlarına kokos suyu, darçın və bir çimdik duz da əlavə edilir.
Kremli latteni xatırladan bu içkini daha çox yüksək qida dəyəri əldə etmək istəyənlər qəbul edir. Qəhvəyə qatıq qatmaq qeyri-adi görünsə də, bu resept protein tozu və ya krem əvəzinə qatıq vasitəsilə ev şəraitində proteinli qəhvə hazırlamağa kömək edir.
Qatıqlı qəhvə nə qədər protein təmin edir?
Qatıqlı qəhvə trendi orqanizmə daxil olan protein miqdarını artıra bildiyi üçün üstünlük təşkil edir. Yarım stəkan yağsız qatıq təxminən 11 qram protein verir. Bu miqdar süd və krem kimi ənənəvi qəhvə qatqılarının çoxundan xeyli dərəcədə yüksək protein deməkdir.
Qatıqlı qəhvə səhərlər acqarnına qəhvə içməyə meylli olan insanlar üçün olduqca əlverişlidir. Qısacası, qatığın sayəsində qəhvəni daha doyurucu bir qəlyanaltıya çevirmək mümkündür.
Qatıqlı qəhvə enerji səviyyəsini yüksəldə bilərmi?
Çox insan dad baxımından qatıqlı qəhvəyə qarşı ön mühakiməli (skeptik) yanaşsa da, bu qarışım faydalı xüsusiyyətlərə malikdir:
Qəhvənin tərkibində təbii olaraq tapılan kafein qısa müddətdə gümrahlığı artırır və yorğunluq hissini azalda bilir. Qatığın tərkibindəki protein isə ən doyurucu qidalardan biridir. Qəhvəyə protein əlavə edildikdə, sadə qəhvə ilə müqayisədə daha uzun müddət toxluq təmin olunur.
Qəhvəyə qatıq qatıldıqda həzm prosesi yavaşlayır. Bu səbəbdən qatıqlı qəhvənin toxluq hissi üçün mühüm protein mənbəyi olduğu bildirilir. Bu xüsusiyyət günorta saatlarına doğru enerjinin düşməsinin qarşısını almaq və növbəti yemək vaxtına qədər tok qalmaq istəyənlərin marağına səbəb olur.
Kokos suyu və ya bir çimdik duz əlavə edilmiş qatıqlı qəhvə elektrolit baxımından faydalı ola bilər. Bu ərzaqlar az miqdarda olsa da, kalium və natrium kimi elektrolitlərin qəbulunu dəstəkləyir. Güclü tərləmə və ya idman nəticəsində maye itirən bəzi insanlar elektrolit bərpası üçün bu inqrediyentlərin daxil edildiyi qatıqlı qəhvəyə müraciət edirlər.
Qatıqlı qəhvəni yoxlamalısınızmı?
Əgər kəskin və turşməzə dadları sevirsinizsə, qatıqlı qəhvəni sınaya bilərsiniz. Bu içkini səhərlər qəbul edərək günün erken saatlarından protein qəbuluna başlaya bilərsiniz. Eyni zamanda, protein tozu əvəzinə daha təbii bir qida mənbəyinə yönəlmiş olarsınız.
Daha şirin qəhvə növlərini sevirsinizsə, qatıqlı qəhvənin dadını bəyənməmək ehtimalınız olduqca yüksəkdir. Bununla yanaşı, əgər balanslı bir səhər yeməyi rütununuz varsa, bu qarışımı qəbul etməyə xüsusi bir ehtiyacınız olmaya bilər. Onu da qeyd etmək lazımdır ki, insanların çoxunun qəhvəsinə əlavə duz və ya elektrolit qatmasına ehtiyac yoxdur; bu maddələr adətən normal qidalanma rejimi vasitəsilə kifayət qədər qəbul edilir.
Qatıqlı qəhvəyə alternativ olaraq soyuq qəhvə, kefir və darçından ibarət bir qarışımı da yoxlaya bilərsiniz. Bu variant qatıqlı qəhvədən daha duru və içilməsi daha rahat bir alternativ kimi qarşımıza çıxır.
Qatıqlı qəhvəni smuzi (smoothie) halına salmaq da digər bir seçimdir. Daha şirin və balanslı dadlar axtarışındasınızsa, qatıqlı qəhvəyə banan, kakao və bir neçə buz parçası əlavə edərək dad baxımından daha xoş bir versiya əldə edə bilərsiniz.
Son olaraq vurğulamaq istərdik ki, qatıqlı qəhvənin xüsusi piy yandırıcı və ya detoks effekti yoxdur. Bu qarışımı sadəcə günə daha çox proteinlə başlamaq və enerjinizi yüksəltmək üçün bir seçim kimi nəzərdən keçirməyiniz daha faydalı olar.
Lalə Qüdrətova
Milli.Az