Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq

10 İyun 2026 23:30

Avropa İttifaqı qablaşdırma tullantılarını azaltmağa yönəlmiş yeni qaydalar çərçivəsində restoran və kafelərdə istifadə olunan birdəfəlik sous paketlərini mərhələli şəkildə ləğv etməyə hazırlaşır. Yeni qaydalara əsasən, ketçup, mayonez, xardal, şəkər və bənzər məhsulların birdəfəlik qablaşdırmada təqdim edilməsinə məhdudiyyət qoyulacaq.

Milli.Az xəbər verir ki,  bu qərar Aİ-nin Qablaşdırma və Qablaşdırma Tullantıları Reqlamenti (PPWR) çərçivəsində həyata keçirilir. Məqsəd plastik istifadəsini azaltmaq və təkrar istifadə edilə bilən servis üsullarını genişləndirməkdir. Yeni qaydaların 12 avqust 2026-cı il tarixində qüvvəyə minməsi planlaşdırılır. Bu tarixdən etibarən Avropa İttifaqı miqyasındakı restoran və kafelərdə, masada istehlak edilən yeməklər üçün birdəfəlik ketçup, mayonez və bənzər sous paketlərindən istifadə oluna bilməyəcək.

Paketlərin yerini yenidən doldurula bilən qablar alacaq
Yeni qaydalara görə, restoran, kafe və otellərdə masalarda yer alan birdəfəlik ketçup, mayonez, soya sousu, şəkər və bənzər məhsulların əvəzinə yenidən doldurula bilən sous qabları, şüşə qablar və ya təkrar istifadəyə yararlı qablar tətbiq ediləcək.

Aİ rəsmiləri bildirirlər ki, kiçik qablaşdırmaların istifadə müddəti çox qısa olsa da, onlar kifayət qədər böyük həcmdə tullantı yaradır. Bu tənzimləmə ilə müəssisələrin daha dayanıqlı servis üsullarına keçməsi hədəflənir.

Hər yerdə keçərli olmayacaq
Qaydaların mühüm istisnaları da var:

Qablaşdırılmış souslar paket servis (gəl al) və evə çatdırılma sifarişlərində istifadə edilməyə davam edə biləcək.

Bundan əlavə, xəstəxanalar və bəzi səhiyyə müəssisələri gigiyena səbəbindən bu qaydalardan azad tutula bilər.

Avropa İttifaqının məlumatlarına görə, qablaşdırmalar İttifaq daxilindəki ümumi plastik istifadəsini təxminən 40%-ni təşkil edir. Yeni qaydalar növbəti illərdə adambaşına düşən qablaşdırma tullantılarını azaltmağı nəzərdə tutan daha genişmiqyaslı ekoloji siyasətin bir hissəsi kimi dəyərləndirilir.

Lalə Qüdrətova
Milli.Az