“Real”da Vinisius böhranı

10 İyun 2026 21:50

"Real Madrid"də yeni böhran yaranıb.

Milli.Az xəbər verir ki, kral klubu müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Vinisius Juniorla yeni anlaşma barədə hələ də razılığa gələ bilməyib.

Braziliyalı futbolçunun "Real Madrid"dəki karyerası 2027-ci ildə başa çata bilər. Ötən mövsüm azarkeşlərin ən çox tənqid etdiyi oyunçulardan biri olan Vinisius Junior klub rəhbərliyi ilə yeni müqavilə üzrə danışıqlarda ortaq məxrəcə gələ bilməyib.

Məlumata görə, Vinisius Junior komanda yoldaşı Kilian Mbappenin qazandığı maaşa bərabər məvacib tələb edib. Lakin "Real Madrid" rəhbərliyi bu tələbə müsbət yanaşmayıb.

Klubdan gözlədiyi dəstəyi ala bilməyən braziliyalı futbolçu müqaviləsinin müddəti başa çatdıqdan sonra - 30 iyun 2027-ci ildə komandanı sərbəst agent kimi tərk edə bilər.

Qeyd edək ki, Junior 2018-ci ildə Braziliyanın "Flamenqo" klubundan 45 milyon avro qarşılığında transfer olunub. (Offsideplus.az)

Milli.Az