Sumqayıtda özünü binadan atan məktəblinin işi üzrə yeni faktlar

10 İyun 2026 14:54

Ötən il Sumqayıtda 16 yaşlı yeniyetmənin özünü yaşayış binasının 15-ci mərtəbəsindən ataraq həyatına son qoyması ilə bağlı aparılan istintaq yeni faktları üzə çıxarıb.

Milli.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, C.A. sosial şəbəkədə tanış olduğu 24 yaşlı transgender şəxs tərəfindən şantaja məruz qalıb.

İstintaq materiallarına əsasən, həmin şəxs yeniyetməyə qarşı hədə-qorxu gəlib, müxtəlif tələblər irəli sürüb, eyni zamanda onun sosial şəbəkə hesabını ələ keçirərək rüsvayedici məlumatlar yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs yeniyetməyə qarşı amansız davranış nümayiş etdirib və onu intihara sövq edən ifadələr işlədib. Nəticədə yeniyetmə gecə saatlarında özünü yaşadığı binanın 15-ci mərtəbəsindən ataraq həyatına son qoyub.

İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs eyni üsulla daha bir yeniyetməni də şantaj edib. İş üzrə zərərçəkmiş qismində tanınan 15 yaşlı şəxs başına gələnləri hüquq-mühafizə orqanlarına danışıb.

Məhkəmə prosesində N.A. ittihamları qəbul etməyərək heç kəsi hər hansı cinayətə məcbur etmədiyini bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Lakin məhkəmə toplanmış sübutları nəzərə alaraq onun barəsində Cinayət Məcəlləsinin intihara sövq etmə və yetkinlik yaşına çatmayan şəxslərə qarşı digər ağır cinayət əməlləri ilə bağlı ittihamları sübuta yetirilmiş hesab edib.

Hökmə əsasən, N.A. cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabr ayında Sumqayıt şəhərində baş verib. 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı başlanılan cinayət işi üzrə aparılan istintaq zamanı hadisənin intihara sövq etmə ilə əlaqəli olduğu müəyyən edilib.