2025-2026-cı tədris ilinin "Son zəng" tədbirləri 13 iyun 2026-cı il tarixində keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, tədbirlər ümumi təhsil müəssisələrinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan məktəblərdə isə akt və ya idman zallarında təşkil olunacaq. Tədbirlər saat 08:00, 09:00 və ya 10:00-da başlayacaq və ən geci 2 saat ərzində başa çatacaq.
Tədbirdə 1-ci və 11-ci sinif şagirdlərinin valideynləri, təhsili idarəetmə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edə bilərlər.
"Son zəng" Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayacaq, daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Məzunlar tədbirdə məktəbli formasında iştirak etməli, məktəbin daxili intizam qaydalarına və etik davranış normalarına riayət etməlidirlər. Tədbirin proqramı milli-mənəvi dəyərlərə uyğun qurulmalı, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.
Tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması, məktəb mühitinə uyğun davranış nümayiş etdirilməsi və tədbirin yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi əsas prioritetlərdəndir.