Bakıda tıxac problemi artıq gündəlik həyatın ən ciddi çətinliklərindən birinə çevrilib. Hər gün minlərlə insan yollarda uzun saatlar itirməli olur.
Milli.Az xəbər verir ki, bəzi sakinlər isə tıxacdan uzaq qalmaq ümidi ilə şəhər mərkəzindən kənar ərazilərə köç etdiklərini bildirirlər. Onlardan biri qeyd edir ki, əvvəl mərkəzə yaxın yaşasa da, sonradan Buzovna istiqamətində ev alıb. Lakin məsafənin uzaqlığı səbəbindən şəhərə gəlmək üçün bir neçə nəqliyyat dəyişməli olur və bu da təxminən iki saata yaxın vaxt aparır.
Əmlak üzrə mütəxəssislər vurğulayırlar ki, ev seçərkən yalnız qiymət və təmir deyil, həm də nəqliyyat əlçatanlığı əsas amillərdən biri olmalıdır. Onların fikrincə, iş yerinə yaxın yaşayış seçimi gündəlik vaxt itkisinin qarşısını xeyli azalda bilər.
Şəhərsalma sahəsi üzrə ekspertlər isə hesab edirlər ki, tıxac probleminin həlli üçün inkişaf etmiş ölkələrdə tətbiq olunan urbanistik yanaşmalardan istifadə edilməlidir. Çünki hazırda Hövsan, Günəşli kimi kənar ərazilərə artan köç nəticəsində həmin zonalarda da gələcəkdə tıxacların daha da artması istisna deyil.
Asya
Milli.Az