Şadlıq saraylarında sıxlıq: Məhərrəmlik öncəsi toy bumu

9 İyun 2026 15:30

Məhərrəm ayının başlanmasına sayılı günlər qalarkən ölkədə toy mərasimlərinin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Hər il olduğu kimi, bu il də bir çox ailələr və cütlüklər toy mərasimlərini Məhərrəm ayından əvvəl keçirməyə üstünlük verirlər. Nəticədə şadlıq saraylarında, restoranlarda və tədbir məkanlarında sıxlıq yaranıb.

Azərbaycanda da uzun illərdir formalaşmış ənənəyə uyğun olaraq həmin dövrdə toy və digər təmtəraqlı şənliklərin keçirilməsi məqbul sayılmır. Məhz buna görə ailələr toy tarixlərini ya Məhərrəm ayından əvvələ, ya da sonrakı dövrə planlaşdırırlar.

Toy sektorunda fəaliyyət göstərən şəxslərin Milli.Az-a verdikləri məlumata görə, son həftələr sifarişlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Toyların sayının artması yalnız şadlıq saraylarına deyil, foto-video çəkilişi, musiqi xidmətləri, avtomobil icarəsi, gül salonları və digər əlaqəli sahələrə də müsbət təsir göstərir. Bu dövrdə həmin xidmətlərin qiymətlərində də müəyyən artımlar müşahidə oluna bilər.

Toy bazarında yaranan canlanma iqtisadi baxımdan da diqqət çəkir. Bir toy mərasiminin orta xərci məkan, qonaq sayı və xidmətlərdən asılı olaraq bir neçə min manatdan on minlərlə manatadək dəyişə bilir. Buna görə də toy mövsümü bir çox xidmət sektorları üçün gəlirli dövr hesab olunur.

Müşahidələr göstərir ki, Məhərrəm ayı yaxınlaşdıqca toy mərasimlərinin sayı daha da artır və son günlərdə şadlıq sarayları demək olar ki, tam dolu fəaliyyət göstərir. 

Qeyd edək ki, bu il Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq.

Ayxan
Milli.Az