Dərsdə saqqız çeynəyən şagirdin müəllim tərəfindən alçaldıcı rəftara məruz qaldığı iddia olunur.
Milli.Az xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə Suraxanı rayonu Dədə Qorqud qəsəbə sakini Ceyran Kazımova müraciət edib.
Onun sözlərinə görə, 315 nömrəli tam orta məktəbin müəllimi Rahibə Zəkiyeva 8-ci sinif şagirdi H.B.-dən çeynədiyi saqqızı öz saçına yapışdırmağı tələb edib, daha sonra onun saçını kəsib:
"Müəllim uşağın ağzında saqqızı görərək onu lövhəyə çağırıb. Məcbur edib ki, saqqızı çıxarıb başına yapışdırsın. Uşaq da qorxusundan yavaşca yapışdırıb. Deyib ki, yox, sən yaxşı yapışdırmadın, 18-19 şagirdin qarşısında çeynəyib, tüpürcəkləyib başına yapışdıracağam..."
Valideyn qeyd edib ki, saqqızı saça daha çox yayan müəllim bundan sonra həmin hissələri qayçı ilə kəsib və uşaqları hədələyib ki, bu söhbət burada qalsın. O, hadisədən sonra 15 yaşlı oğlunun ciddi psixoloji travma aldığını, psixoloq müayinəsində olduğunu vurğulayıb.
315 saylı tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Leyli Rüstəmova hadisə ilə bağlı araşdırma aparıldığını deyib.
Daha ətraflı süjetdə:
Milli.Az