Bu da azərbaycanlı aparıcının 9 otaqlı lüks VİLLASI - FOTOlar

9 İyun 2026 10:15

Türkiyədə yaşayan Azərbaycan əsilli məşhur aparıcı Çağla Şikel lüks evi ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur sima sosial şəbəkə hesabında uzun müddətdir maraq doğuran 9 otaqlı villasından yeni görüntülər paylaşaraq izləyicilərinin diqqətini çəkib. O, iki oğlu Kuzey və Uzayla birlikdə yaşadığı dəbdəbəli malikanənin müxtəlif guşələrini nümayiş etdirib.

Paylaşımlarda xüsusilə evin zərif üslubda dizayn edilmiş mətbəxi maraqla qarşılanıb. Sadə, lakin eleqant interyeri ilə seçilən məkan sosial media istifadəçilərinin bəyənisini qazanıb.

Doqquz otaqdan ibarət geniş villanın qonaq otağı da diqqətdən yayınmayıb. Dekorasiyada əsasən bej, ağ və torpaq çalarlarından istifadə olunub. Rahat mebellər və müasir dizayn elementləri evə xüsusi ab-hava qatıb.

Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə çoxsaylı rəylər toplayıb. İzləyicilər aparıcının zövqlə tərtib olunmuş evini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Çağla Şikel son dövrlərdə şəxsi həyatı ilə də gündəmdədir. Mətbuatda onun iş adamı Mert Can Tunca ilə münasibət yaşadığı barədə xəbərlər yayılıb.

Musa
Milli.Az