150 milyon dollarlıq nəhəng yaxta Bodrum sahillərində diqqət çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bodrum sahillərində görüntülənən ultra-lüks yaxta görənlərin marağına səbəb olub.
Məlumata görə, təxminən 150 milyon dollar dəyərində olan "Solandge" adlı meqa-yaxta möhtəşəm görünüşü və nəhəng ölçüləri ilə diqqət mərkəzinə çevrilib. Sahilə yaxın ərazidə hərəkət edən yaxta həm yerli sakinlərin, həm də turistlərin maraqlı baxışlarına səbəb olub.
2013-cü ildə Almaniyada inşa edilən və 85 metr uzunluğa malik olan "Solandge" dənizdə üzən lüks saray kimi tanınır. Yaxtanın Səudiyyə Ərəbistanı şahzadəsi Muqrin bin Əbdüləzizə məxsus olduğu bildirilir.
Superlüks gəmidə SPA mərkəzi, geniş hovuz, rəqs meydançası və yüksək komfortlu VIP otaqlar mövcuddur. Yaxta eyni anda 12 qonağı qəbul etmək imkanına malikdir.
Dənizdə beşulduzlu hotel rahatlığı təqdim edən gəmidə 29 nəfərlik peşəkar heyət xidmət göstərir. Bodrum sahillərində görünən yaxtanın görüntüləri sosial şəbəkələrdə də geniş maraq doğurub.
Şahzadənin həmin vaxt yaxtada olub-olmaması ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.
Musa
Milli.Az