"Yaxşı edib üstünə sürürəm, ağıllı ol"

8 İyun 2026 22:10

İyunun 7-də Masazır qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi mübahisə ilə nəticələnib.

Milli.Az xəbər verir ki, KIA markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında əsas yola çıxmaq istəyərkən qarşısına "Mercedes" markalı avtomobil çıxıb. KIA-nın sürücüsü buna etiraz etdikdə qarşı tərəfin sürücüsü onu söyüş və təhqirlərlə cavablandırıb. Daha sonra isə avtomobilini geri verərək qəsdən KIA markalı nəqliyyat vasitəsinə çırpıb.

Zərərçəkən hadisə ilə bağlı Baku TV-yə bunları deyib:

"Siqnal verdim ki, niyə belə edirsən? Dedi ki, "yaxşı edirəm". Aramızda qısa mübahisə yarandı. Sonra maşını geri verib avtomobilimin üzərinə sürdü və əzdi. Mən əsas yola çıxmaq istəyəndə o, qırmızı işıqda hərəkət edərək üstümə gəldi. Maşına təxminən 2 min manatlıq ziyan dəyib. Təkcə mən yox, ətrafdakı insanlar da "niyə belə edirsən?" deyə etiraz etdilər. O isə maşından düşərək onlara da hücum çəkməyə başladı".

Baku TV-nin əldə etdiyi məlumata görə, faktla bağlı hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az