Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB

8 İyun 2026 23:00

Sabah Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Milli.Az-a  "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zahid Xəlilov küçəsi, Mətbuat prospekti, 82 nömrəli uşaq baxçasının ətrafında yerləşən ərazilər, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək İlham Müzəffəroğlu, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək.

Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

------------
"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən iyunun 9-da Şərur şəhərində planlı təmir-bərpa işləri aparılacaq.

Milli.Az-ın yerli bürosunun məlumatına görə, bununla əlaqədar 110/35/10 kV-luq Şərur yarımstansiyasından qidalanan 3 nömrəli Şərur hava elektrik xəttində enerji verilişi müvəqqəti dayandırılacaq.

Tədbirin məqsədi yenidənqurma işləri çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, eləcə də yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.

Bu səbəbdən, iyunun 9-da saat 10:00-dan 12:00-dək Şərur şəhərinin Mikayıl Müşfiq küçəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Milli.Az