5-7 iyun tarixlərində Milli Gimnastika Arenasında akrobatika və aerobika gimnastikası üzrə həm FIG Dünya Kuboku, həm də beynəlxalq turnir uğurla başa çatdı.
Milli.Az xəbər verir ki, üç gün davam edən kubok yarışlarında akrobatika və aerobika üzrə, ümumilikdə 14 ölkədən 220-yə yaxın, turnirdə isə 10 ölkədən 150-dən çox idmançı iştirak edərək öz bacarıqlarını nümayiş etdirdi. Yarışların ilk iki günü təsnifat mərhələsinə, son günü isə final çıxışlarına həsr olundu. Həm Dünya kuboku, həm də beynəlxalq turnir yüksək rəqabət, maraqlı çıxışlar və möhtəşəm idman atmosferi ilə yadda qaldı.
Akrobatika gimnastikası üzrə qadın cütlüyü, qadın qrupu, kişi cütlüyü, kişi qrupu və qarışıq cütlük proqramlarında balans və temp hərəkətləri təqdim olundu. Aerobika gimnastikası üzrə isə fərdi çıxışlar, qarışıq cütlüklər, üçlüklər və qrup proqramları üzrə qaliblər müəyyənləşdirildi.
FIG Dünya kubokunda Azərbaycan millisi yarışı 1 qızıl medalla başa vurdu. Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyevadan ibarət qadın qrupumuz möhtəşəm çıxışı ilə rəqiblərini geridə qoyaraq 29.300 xalla qızıl medal qazandı.
Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək icra xalını toplayan idmançılara AGF Trophy kuboku təqdim edildi. Aerobika gimnastikası üzrə fərdi proqramda kişilər arasında Anton Kolobov (Rusiya), qadınlar arasında Anastasia Dmitrieva (Rusiya), qarışıq cütlük proqramında Borislava İvanova və Hristo Manolov (Bolqarıstan), akrobatika gimnastikası üzrə isə qadın qrupumuz Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva AGF Trophy kubokuna layiq görüldülər.
Aerobika gimnastikası üzrə favorit qarışıq cütlüyümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.025 xalla yarışı 4-cü, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyevadan ibarət üçlük isə 17.588 xalla 4-cü pillədə başa vurdu.
Beynəlxalq turnirdə isə Azərbaycan gimnastları akrobatika və aerobika növləri üzrə ümumilikdə 6 proqramda təmsil olundular. Yarışların yekun nəticələrinə əsasən, aerobika gimnastikası üzrə təmsilçilərimiz bir sıra uğurlu nəticələr əldə etdilər.
Yeniyetmələrin yarışında qarışıq cütlüklər proqramında Mədinə İbrahimli və Toğrul Gülmalıyev qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəldilər. Həmin proqramda çıxış edən Səma Hacızadə və Arif Məmmədzadə isə gümüş medala layiq görüldülər.
Fərdi kişilər proqramında Arif Məmmədzadə qızıl, Toğrul Gülmalıyev isə gümüş medal qazandı.
Yeniyetmələr arasında üçlük proqramında Ayan İskəndərli, Məryəm Əliyeva və Ayla İsmayılzadə bürünc medal əldə etdilər. Qrup proqramında çıxış edən Nuray Əliyeva, Aytən Nəsirzadə, Gülnur Ağalarova, Aliyə Cəfərli və Xədicə Ələsgərova da bürünc medala sahib oldular.
Gənclər yaş kateqoriyasında qrup proqramında mübarizə aparan Ayan Ağayeva, Fidan İbrahimova, Leyla Əhmədova, Aydan Məlikova və Təhminə İbrahimova da bürünc medal qazanaraq komandanın medal hesabını artırdılar.
Beləliklə, Azərbaycan gimnastları beynəlxalq turniri 2 qızıl, 2 gümüş və 3 bürünc medalla, Dünya kubokunu isə 1 qızıl medalla başa vuraraq yüksək nəticələr nümayiş etdirdilər.
Yarış müddətində tamaşaçılar dünya səviyyəli gimnastların parlaq çıxışlarını izləmək imkanı əldə etdilər, arenada əsl idman bayramı yaşandı. İştirakçılar və qonaqlar yarışların yüksək təşkilatçılığını xüsusi qeyd etdilər.
Bakının növbəti dəfə beynəlxalq gimnastika yarışlarına uğurla ev sahibliyi etməsi ölkəmizin idman sahəsində qazandığı nüfuzu bir daha nümayiş etdirdi və Azərbaycanda gimnastikanın inkişafına göstərilən dəstəyin bariz nümunəsi oldu.
Milli.Az