Türkiyəli aktyor Ozan Güven uzun müddətdən sonra səssizliyini pozaraq illərdir gündəmdən düşməyən məhkəmə prosesi ilə bağlı açıqlamalar verib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, keçmiş sevgilisi Deniz Bulutsuz ilə bağlı məhkəmə işindən danışan aktyor, yaşananların həyatına ciddi təsir göstərdiyini bildirib. Ozan Güven bildirib ki, altı ilə yaxın davam edən proses ona həm mənəvi, həm də peşəkar baxımdan ağır zərbə vurub.
Aktyorun ən çox diqqət çəkən açıqlaması isə qadınlarla bağlı söylədiyi fikirlər olub. O, yaşadıqlarından sonra artıq ehtiyatlı davrandığını qeyd edərək, "Artıq liftə qadınla minmirəm, tək minirəm" sözlərini işlədib.
Ozan Güven məhkəmə müddətində danışmamağının səbəbini hüquq sisteminə güvənməsi ilə izah edib. O, proses boyunca ictimai rəydə özünü müdafiə etmək imkanının olduğunu, lakin bunu etmədiyini vurğulayıb.
Aktyor həmçinin cəmiyyətdə linç mədəniyyətinin geniş yayıldığını bildirərək, insanların məhkəmə qərarlarını gözləmədən hökm verməsinin doğru olmadığını deyib. O, yaşananlardan sonra həyatında bir çox şeyin dəyişdiyini etiraf edib.
Məşhur aktyor açıqlamasında heç kimə qarşı kin və ya qəzəb hissi daşımadığını da bildirib. Onun müsahibədə səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər aktyoru dəstəkləsələr də, digərləri onun açıqlamalarına tənqidi yanaşıblar.
Hüseyn
Milli.Az