Bağçalardakı bitkilərə zərər vuran ilbizlər xüsusilə yağışlı və nəmli havalarda böyük bir problemə çevrilə bilir.
Milli.Az xəbər verir ki, nəmli və isti havalarda sürətlə çoxalan bu canlılar yağışlardan sonra ortaya çıxaraq bitkilərin yarpaqlarını və gövdələrini tələf edə bilir. Kimyəvi məhsullardan istifadə etmək istəməyənlər üçün təbii sprey reseptini təqdim edirik:
Təbii zərərverici qovucunun hazırlanması
Yalnız bir neçə sadə materialla hazırlanan bu sprey yarpaq bitləri, göbələk milçəkləri, hörümçək gənələri və ilbizlər kimi bir çox bağça zərərvericisinə qarşı effektivdir.
Lazım olan məhsullar
Az miqdarda qab yuyan maye
Doğranmış qırmızı soğan
3 diş sarımsaq
1 ədəd xalapeno bibəri
İlıq su
Hazırlanma qaydası
Bir qabın içinə az miqdarda qab yuyan mayeni, doğranmış qırmızı soğanı, üç diş sarımsağı və bir ədəd xalapeno bibərini əlavə edin.
Qarışığın üzərinə ilıq su töküb yaxşıca qarışdırdıqdan sonra təxminən 12 saat saxlayın.
Müddət tamam olduqdan sonra mayeni süzərək sprey şüşəsinə doldurun.
Bu qarışıq olduqca güclü tərkibə malikdir, buna görə də bitkilərə tətbiq etməzdən əvvəl mütləq su ilə durulaşdırılmalıdır (seyrəldilməlidir).
Mütəxəssislər və bağbanlar bu növ təbii qarışıqların zərərvericiləri uzaqlaşdırmaqda faydalı olduğunu təsdiqləsələr də, tətbiq zamanı diqqətli olmağı məsləhət görürlər.
Məhlulun bitkilərə zərər verməməsi və yarpaqlarda yanıqların yaranmaması üçün spreyin səhər erkən saatlarda və ya günəş doğmazdan əvvəl vurulması tövsiyə olunur.
Lalə Qüdrətova
Milli.Az