Yaponiyanın işğalı dövründə (1910-1945) Koreya yarımadasının Şimalında ağır sənaye və enerji resurslarının 80-85%-nin cəmləşməsi, Cənubun isə daha çox kənd təsərrüfatı bölgəsi olaraq qalması, 1945-ci ildən sonra yaranan bölünmə ilə Cənubi Koreyanı iqtisadi cəhətdən ağır duruma saldı. 1950-1953-cü illərdə baş verən Koreya müharibəsi isə Cənubi Koreya iqtisadiyyatını iflic etdi. Məhz bu kritik məqamda ABŞ-nin birbaşa humanitar, maliyyə, hərbi yardımları ölkənin dirçəlməsi və gələcək inkişafı üçün təməl rolunu oynadı.
1953-cü ildə iki ölkə (ABŞ, Cənubi Koreya) arasında imzalanmış Qarşılıqlı Müdafiə Müqaviləsi Cənubi Koreyaya hərbi təhlükəsizlik zəmanəti verərək, ölkənin öz büdcəsini hərbi sənayeyə yox daha çox metalrugiya sahəsinin inkişafına yönəltməyə imkan verdi.
Cənubi Koreyanın müasir iqtisadi simasının formalaşmasında prezident Pak Çon Hinin (1961-1979) böyük rolu oldu. Onun hakimiyyəti dövründə ABŞ ilə qurulan strateji əlaqələr ölkənin inkişafında mühüm rol oynadı. Bu münasibətlər sadəcə maliyyə yardımı üzərində deyil, həm də təhlükəsizlik, texnologiya transferi və qlobal bazarlara çıxış imkanları üzərində qurulmuşdur. Bu dövrdə dövlət "Çebol" adlanan iri ailə holdinqlərinə strateji dəstək verərək onları beynəlxalq arenaya hazırladı. Samsung, Hyundai və LG kimi markalar dövlət dəstəyi və ABŞ-nin daxili bazarının Koreya malları üçün açılması ilə kiçik yerli müəssisələrdən qlobal brendlərə çevrdi. Hökumət bu inkişaf zamanı insan kapitalına kütləvi yatırımlar etməyə başladı. Savadlılıq səviyyəsinin sürətlə artırılması və minlərlə gəncin ABŞ-də təhsil alaraq yüksək ixtisaslı mütəxəssis kimi geri dönməsi ölkəni 1980-ci illərdə yüksək texnologiyalar dövrünə hazırladı. 1945-ci ildə Cənubi Koreyada savadliliq səviyyəsi 25 faiz olduğu halda 70-ci illərin sonunda bu rəqəm 90 faizə yüksəldi.
Cənubi Koreyanın "Han Çayı Möcüzəsi" ilə əldə etdiyi iqtisadi suverenlik nə qədər sarsılmaz görünsə də, ölkənin xarici siyasəti və milli təhlükəsizlik strategiyası hələ də ABŞ ilə olan strateji asılılığın təsiri altındadır. Bu asılılıq həm tarixi hərbi müqavilələr, həm də müasir geosiyasi məhdudiyyətlər kontekstində tam azad siyasət yürütmək imkanlarını müəyyən dərəcədə məhdudlaşdırır.
Cənubi Koreyanın strateji muxtariyyətinin önündəki ən böyük maneə hərbi sahədədir. 1953-cü ildə imzalanmış Qarşılıqlı Müdafiə Müqaviləsindən irəli gələn "Müharibə Vaxtı Əməliyyat Nəzarəti" (OPCON) bu asılılığın ən bariz nümunəsidir. Hazırda Koreya yarımadasında müharibə baş verərsə, Cənubi Koreya ordusunun komandanlığı texniki olaraq ABŞ-nin rəhbərlik etdiyi Birləşmiş Qüvvələr Komandanlığına keçir. Seul illərdir bu səlahiyyətin geri qaytarılmasına çalışsa da, Şimali Koreyanın nüvə təhdidi və texniki hazırlıq səbəbilə bu proses hələ də tam başa çatmayıb.
İqtisadi müstəvidə isə asılılıq daha mürəkkəb xarakter daşıyır. Cənubi Koreya iqtisadiyyatı böyük ölçüdə ABŞ texnologiyasından və Amerika bazarından asılıdır. Xüsusilə yarımkeçiricilər və yüksək texnologiya sahəsində ABŞ-nin tətbiq etdiyi ixrac nəzarəti Seulun ən böyük ticarət tərəfdaşı olan Çinlə münasibətlərinə birbaşa təsir edir. Seul tez-tez Vaşinqtonun təhlükəsizlik maraqları ilə Pekinlə olan iqtisadi mənfəətləri arasında seçim etmək məcburiyyətində qalır. Bu "strateji ikiliik" ölkənin müstəqil qərarlar qəbul etməsini çətinləşdirən əsas amildir.
Bundan əlavə, Cənubi Koreyanın daxili siyasətində ABŞ-nin hərbi varlığı (USFK) və THAAD kimi raketdən müdafiə sistemlərinin yerləşdirilməsi hələ də ciddi müzakirə mövzusudur. Bu sistemlərin yerləşdirilməsi Seulun regionun digər böyük gücləri olan Çin və Rusiya ilə münasibətlərində gərginliyə səbəb olur ki, bu da ölkənin regional manevr imkanlarını daraldır. Beləliklə, Cənubi Koreya iqtisadi cəhətdən qlobal nəhəng olsa da, təhlükəsizlik arxitekturası baxımından hələ də ABŞ-dən asılı vəziyyətdədir.
Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu, müasir beynəlxalq münasibətlər sistemində tam suveren və müstəqil dövlətçilik modelinin ən uğurlu nümunələrindən biridir. Ermənistanın hərbi təcavüzü, iqtisadi tənəzzül və daxili xaos şəraitində müstəqilliyini qorumağa çalışan Azərbaycan, bir çox inkişaf etməkdə olan ölkələrdən fərqli olaraq, hər hansı bir xarici güc mərkəzinin siyasi və ya hərbi asılılığına girmədən öz gələcəyini inşa etməyi bacardı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi" ölkənin iqtisadi suverenliyinin təməl daşını qoydu. Bu strateji addım Azərbaycanın təbii resurslarını xarici yardımlardan asılılıq vasitəsinə deyil, milli dövlətçilik prinsiplərinin inkişaf mühərrikinə çevirdi. Bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrlə Avropanın enerji təhlükəsizliyində mühüm yer tutur və qlobal iqtisadiyyatda diktə olunan deyil, diktə edən tərəf kimi çıxış edir.
Azərbaycanın xarici siyasətinin ən səciyyəvi xüsusiyyəti onun bloklara qoşulmayan, tam müstəqil xarakteridir. Ölkə ərazisində heç bir xarici dövlətin hərbi bazasının yerləşməməsi və Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə beynəlxalq hüququn aliliyini müdafiə etməsi bu müstəqilliyin əyani sübutudur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında 23 saatlıq antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü heç bir kənar hərbi qüvvənin dəstəyi olmadan, yalnız öz milli ordusunun gücü ilə bərpa edərək dünyaya "milli güc" mesajını verdi. Müasir dövrdə rəsmi Bakının Qafqaz regionunda təqdim etdiyi sülh gündəmi, Ermənistana təklif olunan sülh müqaviləsi və regional kommunikasiyaların açılması təşəbbüsləri Azərbaycanın sülh yaradıcı missiyasını tamamlayır.
Fevralın 28-də Yaxın Şərqdə başlayan müharibə fonunda Azərbaycanın sülh çağırışları istər İran prezidenti istərsə də Qərbin siyasi dairələri tərəfindən səmimiyyətlə qarşılandı. Hər iki tərəfin siyasi dairələri ilə Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı danışıqlar zamanı münaqişənin müharibə yolu ilə deyil diplomatik yolla həlli təklifləri öz müsbət bəhrəsini verdi.
Azərbaycan bu gün Rusiya-Ukrayna müharibəsində də sülhün tərəfidə dayanan əsas dövlətlərdəndir. Aprelin 25-də Ukraniya prezidenti Volodimr Zelenskinin Qəbələ şəhərinə səfəri, mayın 6-da Azərbaycan prezidenti ilə təkrarən aparılan telefon danışığı zamanı verilən sülh mesajları ardınca Cənab Prezident İlham Əliyevin diplomatik səyləri ölkəmizin Rusiya-Ukraniya müharibəsində sülh yaratma missiyasında öncül aktorlardan biri olduğunu təstiq edir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev baş verən münaqişələrin silah gücünə deyil diplomatik yolla həllinə töhfə verən dövlət başçısıdır.
Ölkəmiz Cənubi Koreya ilə müqayisədə müstəqillik baxımından daha cavan olsa da siyasi arenada vacib aktorlardan olması Azərbaycanı Cənubi Koreyadan daha çox diqqət mərkəzində saxlayır. Bütün bunlar onu sübut edir ki, dünyada qlobal problemləri böyük iqdisadiyyatlar deyil, güclü liderlər həll edir.
Fikrət Mahmudov
Koreyaşünas