Xəbər verdiyimiz kimi, ötən gecə Azov dənizində göyərtəsində 25 azərbaycanlının olduğu 2 gəmi vurulub və hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub.
Milli.Az xəbər verir ki, həlak olan şəxslərin yaxınları danışıb.
Dünyasını dəyişənlərdən biri Neftçala rayon sakini 50 yaşlı Rəcəb Əhədovdur. Həlak olan dənizçinin atası Firudin Əhədov oğlu ilə sonuncu danışığını belə xatırlayır:
"Oğlumla sonuncu dəfə danışanda hər şeyin qaydasında olduğunu dedi və narahat olmamağımı tapşırdı. Yük gözlədiklərini söylədi. Yola düşəndə xəbər edəcəyini demişdi. Bu, axırıncı söhbətimiz oldu. Bu gün saat 10-dan sonra isə bu acı xəbəri aldıq".
Gəmidə həlak olanlardan biri isə Zaqatala rayonu, Aşağı Tala kənd sakini 29 yaşlı Məhəmməd Əliyevdir.
Həlak olan Məhəmməd Əliyevin qardaşı Elvin Əliyev baş verən hadisə barədə açıqlama verib.
"Qardaşım 5 ildən artıq idi ki, bu sahədə işləyirdi. Özü kapitan köməkçisi idi. Bu gün səhər onun dünyasını dəyişdiyini öyrəndim. Başqa bir gəmidə işləyən dostu zəng edib bu ağır xəbəri mənə çatdırdı. Cənazənin 2 günə gətiriləcəyini dedilər. İndi mən də bir qardaş kimi yolunu gözləyirəm. Evli idi, bir övladı var", - deyə o, bildirib. (baku.tv)
Milli.Az