Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə, buna etiraz edənlər sırasında yer almağa hazırdır.
Ayaz Salayev vurğulayıb ki, özünü vətənpərvər insan hesab etsə də, xarici dillərin öyrənilməsini vacib sayır. Onun sözlərinə görə, hər hansı bir dili bilmək həmin ölkənin siyasətini dəstəkləmək anlamına gəlmir.
Rejissor elm və təhsil sahəsində uğur qazanmaq üçün bir neçə xarici dil bilməyin əhəmiyyətindən danışaraq, savadlı insanların adətən müxtəlif dillərə yiyələndiyini qeyd edib. O, xüsusilə rus dilinin regionda və elmi mənbələrə çıxış baxımından önəmli olduğunu bildirib.
Salayev ailəsindən də nümunə gətirərək babasının bir neçə xarici dil bildiyini və bunun ona geniş dünyagörüşü qazandırdığını söyləyib. Rejissorun fikrincə, dil bilikləri ilə siyasi baxışları bir-birindən ayırmaq lazımdır:
"Nə vaxtsa kimsə rus bölməsinin ləğv olunması məsələsini qaldırsa, mən o dəqiqə mübarizəyə hazıram. Həmin insanın qarşısına çıxacağam nə qədər ki, sağam. Rus məktəblərini söksələr, qarşısında dayanmağa hazıram. Mən çox vətənpərvər insanam. Rusiyanın bizə münasibətini, siyasətini də heç sevmirəm, xarici siyasətindən zəhləm gedir.
Hansısa rus və ya xarici dili bilməyən səviyyəli elm adamını təsəvvür edə bilərsiniz? Yaxşı, Qərbi sevmirsən, Şərq meyillisən. Hamısı ərəb və ya fars dilini bilir? Əski əlifbanı bilirlər? Yox!
Heç olmasa məktəbdə rus dilini bil. Mənim babam ərəb, fars, rus və eyni zamanda fransız dilini də bilirdi, Belçikada oxumuşdu. O, İrandan gəlmişdi. Radioda diktorları ayıra bilirdi ki, Leninqrad, yoxsa Moskva məktəbi bitiriblər. Rusiyanı ilahiləşdirmək olmaz, amma dil bilgisi ayrı mövzudur, vacibdir".
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər xarici dillərin öyrənilməsinin vacibliyini dəstəkləyiblər, digərləri isə məsələyə fərqli yanaşma sərgiləyiblər.
Musa
Milli.Az