"Bir şəxsin hüquq-mühafizə orqanlarına bilə-bilə yalan məlumat verməklə digər şəxsi cinayət törətməkdə ittiham etməsi qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".
Milli.Az xəbər verir ki, bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Ali Məhkəmədən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bilə-bilə yalan məlumat verməyə görə məsuliyyət müəyyən edilib.
Belə hallarda əsassız ittiham irəli sürülən şəxsin şərəf və ləyaqəti, işgüzar nüfuzu zədələnə bilər ki, bu da mənəvi zərərin yaranmasına əsas verir. Nəticədə təqsirkar şəxs mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı da məsuliyyət daşıya bilər.
Vurğulanıb ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi və ya bərpası məqsədilə digər bir şəxsin cinayət törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciət etməsi, əgər həmin müraciət vicdanlı niyyətlə və qərəzsiz şəkildə edilmişdirsə, hüquqi məsuliyyət yaratmır: "Məsələn, şəxs hüquq-mühafizə orqanına müraciət edərək evindən oğurluq edildiyini və müəyyən bir şəxsdən şübhələndiyini bildirə bilər. Əgər həmin şübhə real hallara əsaslanır və müraciət edən şəxs bunu qərəzli məqsədlə etmirsə, sonradan həmin şəxsin cinayət törətmədiyi müəyyən edilsə belə, müraciət edən şəxsin məsuliyyəti yaranmır. Çünki o, həqiqətən mövcud şübhələrinə əsaslanaraq səlahiyyətli orqana müraciət etmişdir. Bu kimi halların qiymətləndirilməsi bütün sübutların məcmusu əsasında həyata keçirilir".
Eyni zamanda qeyd olunub ki, bu cür müraciətlər səlahiyyətli hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır: "Əgər şəxs cinayət faktı ilə bağlı məlumatı belə məsələlərin araşdırılması səlahiyyətinə malik olmayan orqana və ya təşkilata təqdim edirsə, bu zaman həmin müraciət şikayət olunan şəxsin nüfuzuna xələl gətirə bilər. Buna görə də müraciətin məzmunu və ünvanlandığı orqanın səlahiyyətləri arasında uyğunluq olmalıdır".
Həmçinin bildirib ki, vətəndaşın vəzifəli şəxsin xidməti fəaliyyətində yol verdiyi pozuntular və ya vəzifə səlahiyyətlərini lazımi qaydada icra etməməsi barədə şikayət verməsi onun qanuni hüququdur. Lakin belə müraciətlərdə vəzifəli şəxsin şəxsi həyatı ilə bağlı, araşdırılan məsələyə aidiyyəti olmayan ittiham və ya məlumatların qeyd edilməsi həmin şəxsin şərəf və ləyaqətinin pozulmasına səbəb ola bilər və bu da hüquqi məsuliyyət yarada bilər. Eyni zamanda, vəzifəli şəxsi nüfuzdan salmaq məqsədi daşıyan, aşkar şəkildə qərəzli və əsassız şikayətlərin verilməsi də qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Milli.Az