ABŞ-da "ət yeyən parazit" kimi tanınan Yeni Dünya Vida Qurdu (New World Screwworm - NWS) 1966-cı ildən bəri ilk dəfə ölkə ərazisində bir heyvanda aşkar edilib. Hadisənin Texas ştatında qeydə alınmasından sonra səlahiyyətli qurumlar təcili tədbirlər görməyə başlayıblar.
Milli.Az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına görə, parazit son bir il ərzində Meksikada yayılıb və daha sonra Texas ştatının La Pryor qəsəbəsində üç həftəlik buzovun göbək nahiyəsində aşkar olunub. Yoluxma nöqtəsi ABŞ-Meksika sərhədindən təxminən 48 kilometr məsafədə yerləşir.
Vida qurdu adi qurd deyil. Bu parazitin sürfələri heyvanların açıq yaralarına və ya həssas nahiyələrinə yerləşərək canlı toxumalarla qidalanır. Məhz buna görə o, baytarlıq sahəsində ən təhlükəli parazitlərdən biri hesab olunur.
Federal və ştat rəsmiləri parazitin yayılmasının qarşısını almaq üçün yoluxma aşkarlanan ərazidə 20 kilometrlik müşahidə və karantin zonası yaradıblar. Eyni zamanda bölgədə geniş monitorinq işlərinə başlanılıb.
Mübarizə çərçivəsində bölgəyə milyonlarla sterilizasiya olunmuş vida qurdu milçəyi buraxılması planlaşdırılır. Bu üsul uzun illərdir tətbiq edilir və dişi milçəklərin yalnız bir dəfə cütləşməsi xüsusiyyətindən istifadə olunur. Steril erkəklərlə cütləşən dişilər döllənməmiş yumurta qoyur və nəticədə yeni sürfələrin yaranmasının qarşısı alınır.
Rəsmilər bildirirlər ki, hazırkı vəziyyətdə parazitin insanlara və ev heyvanlarına yoluxma riski çox aşağıdır. Həmçinin hadisənin qida təhlükəsizliyi üçün bir təhdid yaratmadığı vurğulanıb.
ABŞ Kənd Təsərrüfatı naziri Brooke Rollins bildirib ki, xüsusi qruplar artıq Cənubi Texas bölgəsinə göndərilib və heyvandarlıqla məşğul olan şəxslərə diqqətli olmaları tövsiyə edilib. Nazirliyin məlumatına görə, görülən tədbirlər sayəsində parazitin ABŞ-a daxil olması təxminən bir il gecikdirilə bilib. (Musavat.com)
Milli.Az