“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının üçüncü günü klassik musiqiyə həsr olunub - FOTO

4 İyun 2026 19:05

"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir. Klassik musiqiyə həsr olunan festivalın üçüncü günü Azərbaycan Milli İncəsənət Muzeyində baş tutub.

Konsert proqramında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının istedadlı yetirmələri dünya və Azərbaycan klassik musiqisinin ən gözəl nümunələrini tamaşaçılara təqdim ediblər. 

Proqram boyu Antonio Vivaldinin, Volfqanq Amadey Motsart, Frederik Şopen, Frans Şubert, Antonio Vivaldi, Pyotr Çaykovski və Henrik Venyavski kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib. Gənc ifaçılar fortepiano, skripka, tar, qarmon və kanon kimi müxtəlif musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər. 

Konsertdə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılığı da xüsusi yer tutub. Qara Qarayevin, Cahangir Cahangirovun, Vasif Adıgözəlovun, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin və Fikrət Əmirovun əsərləri gənc ifaçıların təqdimatında səslənərək milli musiqi irsimizin zənginliyini bir daha nümayiş etdirib. 
Tədbirin yaddaqalan məqamlarından biri də xüsusi qayğıya ehtiyacı olan uşaqların, eləcə də müxtəlif bölgələrdən festivala qatılan gənc ifaçıların çıxışları olub. Şəki və Zaqatalanı təmsil edən iştirakçılar öz uğurlu ifaları ilə proqramın rəngarəngliyini daha da artırıblar. 

Konsert boyunca gənc ifaçılar yüksək ifaçılıq məharəti, səhnə mədəniyyəti və musiqiyə olan sevgiləri ilə seçilərək tamaşaçıların rəğbətini qazanıblar. Dünya və Azərbaycan klassik musiqisinin seçmə nümunələrindən ibarət proqram festival iştirakçılarına unudulmaz musiqi anları yaşadıb.

Konsertin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az