Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşdiyi, Teymur bəy Aşurbəyovun mülkü olduğu və hazırda dağılmaq təhlükəsi ilə üzləşdiyi iddia edilən tikili barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Milli.Az-a bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.
"Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə yerləşən tarixi abidələrin mühafizəsinə daimi nəzarət olunur. Paylaşımda istifadə edilən görüntülər süni intellekt vasitəsilə yaradılıb və ölkəmizdə belə bir tarixi abidə və ya tikili mövcud deyil. Sözügedən paylaşımın müəllifi Gülnarə Novruzova ilə əlaqə saxlanılıb, o da məlumatın mənbəyinin qeyri-müəyyən olduğunu, fotoların özü tərəfindən hazırlanmadığını etiraf edib.
Xəzər rayonu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında malikanələr olaraq Teymur Quliyevin bağı (2574 inventar nömrəli), İsa bəy Hacınskinin bağ evi (2575 inventar nömrəli), Şəmsi Əsədullayevin bağ evi (2576 inventar nömrəli), Əziz bəy Aşurbəyovun bağ evi (2577 inventar nömrəli) və H.Z.Tağıyevin bağ evi (2579 inventar nömrəli) yer alıb.
Qeyd olunan ərazidə yerləşən yeganə malikanə Kərbəlayi İsrafil Hacıyevin bağ evi (foto əlavə olunur) hələlik sözügedən siyahıya daxil edilməyib. Lakin həmin bağ evinin də dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası çərçivəsində baxılıb və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müsbət rəy verilib.
Eyni zamanda, paylaşılan məlumatlarda qeyd olunan 2117 inventar nömrəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində - A.Zeynallı küçəsi 57 ünvanında yerləşən binaya aid olub.
Tarixi abidələrimizin qorunmasına həssaslıqla yanaşan, bu sahədə diqqətli mövqe nümayiş etdirən və ictimai nəzarətin güclənməsinə töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildirir, eyni zamanda, mədəni irslə bağlı hər hansı müdaxilə faktı, abidələrə dair narahatlıq doğuran hallarla qarşılaşdıqda qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur", - açıqlamada vurğulanıb.

