Müğənni Nadir Qafarzadə qatıldığı televiziya proqramında uşaq tərbiyəsi ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, ifaçı müasir dövrdə bəzi valideynlərin övladlarına həddindən artıq sərbəst davranmaq imkanı verdiyini bildirib. Onun sözlərinə görə, uşaqlara müəyyən sərhədlərin qoyulması və nəyin doğru, nəyin yanlış olduğunun izah edilməsi vacibdir.
Qafarzadə qeyd edib ki, bəzi valideynlər uşağa irad bildirməyi onun psixologiyasına mənfi təsir kimi qiymətləndirirlər. Müğənni isə hesab edir ki, uşağın "olmaz" və "yox" sözlərinin mənasını bilməsi gələcək həyatda qarşılaşacağı çətinliklərlə mübarizə aparmasına kömək edir.
Sənətçi övlad tərbiyəsində valideyn nümunəsinin böyük rol oynadığını da vurğulayıb. O bildirib ki, uşağın davranışı ilk növbədə ailədə gördüyü münasibətdən formalaşır.
"Əgər övladıma düzgün tərbiyə verməmişəmsə, bu mənim öz nöqsanımdır. Yaxşı tərbiyə vermişəmsə, deməli, həmin tərbiyə ilk növbədə məndə var. Tərbiyə evdən başlayır", - deyə ifaçı fikrini ifadə edib.
Nadir Qafarzadə həmçinin müəllimlərin ünvanına səsləndirilən bəzi iradlara da münasibət bildirib. Onun sözlərinə görə, ailədə düzgün tərbiyə alan uşaqlarla məktəbdə də ciddi problemlər yaşanmır:
"Görürəm ki, uşaq evi dağıdır, gəlib divana çıxır, sonra da başıma çıxır. Anaya baxıram ki, bəlkə nəsə deyər. Susur və cavab verir ki, uşağa psixoloji təsir edə bilərəm. Sən artıq onun psixologiyasını pozmusan. Uşağa "elə olmaz" demək psixologiya pozmaqdır ki? Bizə deməyiblər? Uşaq "olmaz"ı və "yox"u mütləq şəkildə bilməlidir. Gələcəkdə valideyni olmayanda təkbaşına mübarizə apara bilməlidir. Mən evdə qızıma, oğluma pis tərbiyə vermişəmsə, demək ki, özüm tərbiyəsizəm. Yaxşı tərbiyə vermişəmsə, demək ki, o tərbiyə özümdə var. Tərbiyə evdən başlayır. Evdə qalan anadır, o daha çox uşaqla məşğul olur. Evdə tərbiyə alan uşaqlara müəllim də irad bildirməyəcək. Ona görə müəllimləri qınamayaq. Öz tərbiyən necədirsə, övladın da elədir".
Müğənninin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında onun mövqeyini dəstəkləyənlərlə yanaşı, fərqli fikirlər səsləndirənlər də olub.
Musa
Milli.Az