Müğənni Tacir Şahmalıoğlu son açıqlaması ilə maraq doğurub.
Milli.Az xəbər verir ki, sənətçi yeni avtomobilindən danışarkən onu öz imkanları ilə almadığını etiraf edib. Tacir Şahmalıoğlunun sözlərinə görə, yaxın dostları ona avtomobilini yeniləməyi tövsiyə etsələr də, maddi imkanının buna çatmadığını bildirib.
Müğənni qeyd edib ki, bu söhbətdən sonra dostları ona sürpriz edərək yeni avtomobil hədiyyə ediblər.
"Yaxın dostlarım soruşdu ki, niyə avtomobilini dəyişmirsən? Dedim ki, imkanım yoxdur. Sağ olsunlar, özləri mənə avtomobil hədiyyə etdilər. Ad çəkmək istəmirəm, amma hər birinə minnətdaram. Allah onlara can sağlığı versin", - deyə sənətçi bildirib.
Tacir Şahmalıoğlu oğlunun toyundan da danışıb. O, məclisdə yaşanan izdihamın və qonaqların böyük marağının onu qürurlandırdığını vurğulayıb.
Müğənninin sözlərinə görə, toyda iştirak edən insanların çoxluğu onun illər ərzində qazandığı hörmət və sevgidən xəbər verir.
"Oğluma toy etdim. Məclisdəki izdiham məni çox sevindirdi. Dəvət etdiyim insanlar can-başla gəlib iştirak etdilər. Bu, mənim üçün böyük dəyərdir. Demək ki, insanların sevgisini qazana bilmişəm. Məncə, bu, var-dövlətdən daha qiymətlidir", - deyə o əlavə edib.
Sənətçinin səmimi etirafları sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub.
Musa
Milli.Az