Şokolad xarab olur? Üstü ağaranda kristallaşır?

4 İyun 2026 00:48

Uzun müddet qalan şokoladların üzərində yaranan ağ təbəqə çox insanı narahat edir. Lakin şokolad mütəxəssislərinin fikrincə, bu görüntü hər zaman məhsulun xarab olması demək deyil. Qida mütəxəssisləri bildirirlər ki, şokoladın səthindəki ağarma çox vaxt "yağ ağarması" (fat bloom) və ya "şəkər ağarması" (sugar bloom) adlanan təbii proseslərdən qaynaqlanır.

Milli.Az xəbər verir ki, mütəxəssislərə görə, yağ ağarması şokoladın tərkibindəki kakao yağının temperatur dəyişiklikləri səbəbindən səthə çıxaraq kristallaşması nəticəsində baş verir.

Şəkər ağarması rütubətli mühitdə şokoladın daxilindəki şəkərin əriməsi və yenidən səthdə kristallaşması ilə meydana gəlir.

Hər iki halda da şokoladın xarici görünüşü dəyişsə də, çox vaxt onun istehlak edilməsi sağlamlıq baxımından heç bir risk yaratmır.

Ağarmış şokoladı yemək təhlükəsiz olsa da, onun dadı və teksturası ilk günkü kimi keyfiyyətli olmaya bilər. Şokolad ustaları qeyd edirlər ki, belə məhsullar daha quru, kövrək və ya mat bir quruluşa sahib ola bilər. Xüsusilə yüksək temperaturda saxlanılan şokoladlarda ətir və dad (aroma) itkisi müşahidə olunur.

Şokoladın həqiqətən xarab olduğunu necə bilmək olar?
Məhsulun yararsız hala düşüb-düşmədiyini müəyyən etmək üçün qoxu və xarici görünüş yoxlanılmalıdır:

Əgər şokoladdan turş qoxu gəlirsə, üzərində kif bənzəri ləkələr varsa və ya qeyri-adi bir dada sahibdirsə, həmin məhsul qətiyyən istehlak edilməməlidir.

Əgər şokoladda yalnız ağ təbəqə formalaşıbsa, əksər hallarda onu təhlükəsiz şəkildə yemək mümkündür.

Düzgün saxlanma qaydaları
Şokoladın daha uzun müddət təzə qalması üçün onun sərin, quru və günəş işığı düşməyən bir mühitdə saxlanması tövsiyə olunur. Mütəxəssislər xəbərdarlıq edir ki, soyuducunun daxilindəki rütubət şəkərin kristallaşmasını (sugar bloom) sürətləndirə bilər. Bu səbəbdən şokoladı soyuducuda saxlayarkən onun hava keçirməyən qablarda qorunması daha doğru addımdır.

Lalə Qüdrətova
Milli.Az