Sosial şəbəkələrdə yayılan bir video qısa müddətdə minlərlə izləyicinin diqqətini çəkərək geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda qızını gəlin köçürən ananın ona ünvanladığı səmimi və təsirli sözlər yer alıb. Toy mərasimində səsləndirilən bu fikirlər həm iştirakçıları, həm də videonu izləyənləri duyğulandırıb.
Ana qızına xoşbəxtliyinin hər şeydən vacib olduğunu bildirərək, onun hər zaman yanında olacağını vurğulayıb. O, cəmiyyətdə uzun illərdir səsləndirilən bəzi stereotiplərin əksinə olaraq, qızına çətin vəziyyətdə qaldığı təqdirdə valideyn evinin qapılarının üzünə hər zaman açıq olacağını deyib.
Ananın "Özünü xoşbəxt hiss etmədiyin an, neçə övladın olursa-olsun, səni geri qəbul edərəm" məzmunlu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən alqışla qarşılanıb.
Görüntülər internetdə böyük maraq doğurub. Bir çox izləyici ananın qızına verdiyi mənəvi dəstəyi nümunəvi addım kimi qiymətləndirib və videonun onları kövrəltdiyini qeyd edib.
Duyğusal anların əks olunduğu kadrlar qısa zamanda geniş auditoriyaya yayılaraq sosial mediada gündəmə çevrilib.
Musa
Milli.Az