Festivalın ikinci günü tamaşaçılara "Nağıllar aləminə" adlı proqram təqdim olunub. Proqramda uşaq ədəbiyyatında özünəməxsus yaradıcılığı ilə seçilən, bir-birindən maraqlı və yaddaqalan əsərlərin müəllifi Lalə Umudun "Nəğmələr toplayan quş" nağılının qiraət əsasında hazırlanmış səhnə nümayişi təqdim olunub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Musiqili Uşaq Teatrı"nın bir-birindən istedadlı balaları Qaçaylı Şəms, Ələkbərova İnci, Ələkbərov Alparslan, Zeynalova Aliyə öz səmimi və emosional ifaları, eləcə də səhnə bacarıqları ilə tamaşaçıları nağıl dünyasına səyahətə aparıblar. Tamaşanın quruluşçu rejissoru Nəsimi Əliyevdir.
Tədbirin sonunda müəllif Lalə Umud Dövlət Uşaq Filarmoniyasının balaca qirayətçilərinə öz təşəkkürünü bildirib, onlara gələcək həyatlarında uğurlar arzulayıb və onlara hədiyyələr təqdim edib, həmçinin Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağı-zadəyə və rejissor Nəsimi Əliyevə dəstəyi və tədbirin təşkilinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, müəllif bu nağılı məhz Uşaq Filarmoniyasının teatr dərnəyi üçün qələmə alıb. Tamaşanın quruluşçu rejissoru Nəsimi Əliyevin sözlərinə görə, yaxın zamanlarda "Nəğmələr toplayan quş" tamaşasının tam versiyasının "Musiqili Uşaq Teatrı"nın təqdimatında tamaşaçılara təqdim olunması nəzərdə tutulur.
Tədbirdə həmçinin Dövlət Uşaq Filarmoniyasının "Rəsm Studiyası"nın rəssamlarının əl işlərindən ibarət sərgi təqdim olunub (müəllimlər Günay Qarayeva, Nərminə Mirzəliyeva). Tədbirin sonunda iştirakçılara sertifikatlar, müəllimlərə isə təşəkkürnamələr təqdim olunaraq proqram yekunlaşıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az