“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO

3 İyun 2026 17:50

"Uşaq Dünyası" I Beynəlxalq Musiqi Festivalının ikinci günü Azərbaycan Dövlət Uşaq Filarmoniyası və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən konsert Kamera və Orqan Musiqisi Zalında baş tutub.

Konsertdə giriş sözü üçün səhnəyə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə dəvət olunub. Onlar 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün iştirakçıları təbrik edib, festivalın əhəmiyyətindən, uşaqların gələcək həyatlarına müsbət təsirindən danışıb və bütün iştirakçılara uğurlar arzulayıblar.

Beynəlxalq musiqi festivalının ikinci günü Ukraynadan gələn gənc vokalçılar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öz istedadlarını nümayiş etdiriblər. Gecədə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Səda" uşaq xoru çıxış edib. Qeyd edək ki, "Səda" uşaq xorunun xormeysteri Aysel Mehdizadə, konsertmeyster isə Şahin Yəhyazadədir. 

Proqramda Volfqanq Amadey Motsart, Karl Bom, Nikolay Rimski-Korsakov, Scott Joplin Aaron Copland, Antonin Dvorjak, İrina Xrisanidi kimi Avropa, Amerika, Rusiya və Ukrayna bəstəkarları, Qara Qarayev, Nazim Əliverdibəyov, Əzizə Mustafazadə, İsfar Sarabski kimi Azərbaycan bəstəkarlarının ən parlaq caz və estrada əsərləri gənc ifaçıların ifasında səslənib. Konsert bir daha nümayiş etdirdi ki, gənc istedadların yaradıcılıq potensialının üzə çıxarılması və inkişaf etdirilməsi üçün belə layihələr mühüm əhəmiyyət daşıyır. Festival iştirakçıları yüksək ifaçılıq məharətləri ilə tamaşaçılarda xoş təəssürat yaradaraq uzun sürən alqışlarla qarşılanıblar.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az