Mayın 28-də İrəvanda keçirilən hərbi parad təkcə parlament seçkiləri öncəsi Ermənistanın daxili siyasi tamaşası deyildi. Bu, Cənubi Qafqazda yeni, təhlükəli və son dərəcə həyasız reallığın nümayişi idi. İrəvandakı Respublika meydanında, təbil və şeypur səsləri altında, sülh və müdafiə barədə rəsmi şüarların fonunda, məmurların təbəssümü və xarici qonaqların soyuq baxışları qarşısında asfalt üzərindən təkcə Ermənistan ordusunun hərbi texnikası keçmədi. Oradan həqiqət keçdi. Çılpaq, ağır, dəmir kimi sərt həqiqət. Bu həqiqət ondan ibarətdir ki, İrandakı mollalar rejimi artıq öz seçimini gizlətmir: Ermənistanı silahlandırır, onun revanşist hesablarını himayə edir və Azərbaycanın güclənməsinə öz imperiya qorxuları üçün strateji çağırış kimi baxır.
Diqqət mərkəzinə AD-08 "Majid" qısa mənzilli hava hücumundan müdafiə sistemidüşdü. Bu, avtomobil platforması üzərində qurulan İran istehsalı yaxın mənzilli mobil kompleksdir. İrəvanda onu ehtiyatla "Scorpion" adlandırdılar, guya adını dəyişməklə dəmirin mənşəyini silmək mümkün imiş. Amma silahın mənşəyi, tarixdəki qan ləkəsi kimi, kosmetika ilə yuyulmur. Bu sistemin forması, arxitekturası, optikası, buraxılış konteynerləri, konstruksiya məntiqi var. Mütəxəssislər siyasi şərhçilərin ört-basdır etməyə çalışdığı şeyi açıq gördülər: onun İranın "Majid" sistemi ilə tam identikliyi göz qabağındadır. Bu artıq şayiə, yarımkölgə, diplomatik dəhlizlərdə dolaşan intriqa deyil. Bu, Ermənistan paytaxtının mərkəzi meydanına çıxarılmış texnikadır.
"AD-08 Majid" nədir? Bu, parad oyuncağı və ya muzey eksponatı deyil. "Majid" alçaqdan uçan hədəflərə, pilotsuz uçuş aparatlarına, helikopterlərə, qanadlı raketlərə və aşağı hündürlükdə hərəkət edən təyyarələrə qarşı nəzərdə tutulan mobil sistemdir. Açıq hərbi-texniki təsvirlərə görə, o, hədəfləri təxminən 15 kilometrədək məsafədə aşkarlaya, onları məsafə üzrə bir neçə yüz metrdən 8 kilometrədək, hündürlük üzrə isə 6 kilometrədək diapazonda vura bilir. İnfraqırmızı tuşlama başlığına malik raket, buraxılış konteynerləri, optik-elektron blok, yüksək mobillik - bütün bunlar təsadüfi detallar toplusu deyil. Bu, Ermənistanın 2020-ci ildə aldığı dərsə cavabdır. Həmin vaxt Azərbaycan Ordusu müasir kəşfiyyata, pilotsuz sistemlərə, dəqiq zərbələrə və yeni əməliyyat mədəniyyətinə söykənərək erməni tərəfinin köhnə müdafiə mifologiyasını darmadağın etmişdi.
Məhz buna görə "Majid" sisteminin İrəvanda görünməsi amansız dərəcədə rəmzidir. İran Ermənistana sadəcə silah vermir. O, Ermənistana revanş ümidi verir. Sülh, kompromis, regional etimad yox - 44 günlük müharibədə Azərbaycanın qələbə amillərindən biri olan texnoloji, əməliyyat və psixoloji üstünlüyü guya "neytrallaşdırmaq aləti" verir. İrəvan İran hava hücumundan müdafiə sistemini nümayiş etdirəndə faktiki olaraq etiraf edir: məğlubiyyətdən sonra Ermənistanın hərbi doktrinası Azərbaycan səmasından qorxu üzərində qurulur. Tehran belə sistemi satanda isə faktiki olaraq bəyan edib: Ermənistanın revanşist layihəsinin məğlubiyyəti onun üçün bağlanmış səhifə deyil, çözmək istədiyi problemdir.
Hələ 2024-cü ilin iyulunda 500 milyon dollarlıq gizli İran-Ermənistan silah anlaşması barədə məlumat yayılmışdı. Siyahıda "Shahed" və "Mohajer" tipli pilotsuz uçuş aparatları, "Majid", "3rd Khordad", "15th Khordad", "Arman" hava hücumundan müdafiə sistemləri, həmçinin kəşfiyyat əməkdaşlığı, kadr hazırlığı, hərbi təlimatçılar və hətta Ermənistan ərazisində infrastruktur məsələlərinin müzakirəsi yer alırdı.
Rəsmi İrəvan XİN səviyyəsində sərt təkzib vermədi, "beynəlxalq hüquq çərçivəsində təhlükəsizlik münasibətlərinin şaxələndirilməsi" barədə standart formulla kifayətləndi. Daha sonra Ermənistanın Müdafiə Nazirliyi həmin məlumatı "yalan" adlandırdı. Belədirsə, o zaman İrəvandakı paradda "Majid"lərin keçidini necə izah edək? Adların, müddətlərin, satınalma məntiqinin və hərbi ehtiyacın üst-üstə düşməsini necə başa düşək? Təsadüf? Uyğunluq? Yoxsa diplomatik bəyanatların və söz yığınının arxasında gizlədilməyə çalışılan həmin siyasət?
500 milyon dollar Ermənistan üçün az pul deyil. Bu, bir neçə yük maşınının alınması və ya anbar təmiri deyil. Bu, 2024-cü ildə açıq məlumatlara görə müdafiə büdcəsi təxminən 1,4 milyard dollar qiymətləndirilən bir ölkə üçün nəhəng məbləğdir. Yəni söhbət illik müdafiə büdcəsinin təxminən üçdə birinə bərabər vəsaitdən gedirdi. Yəni artıq epizod yox, strateji sərmayədir.
Sual yaranır: Tehran məhz nəyə sərmayə qoyur? Ermənistanın təhlükəsizliyinə? Regional sabitliyə? Sülh müqaviləsinə? Xeyr. O, Azərbaycana qarşı təzyiq rıçağının saxlanmasına sərmayə yatırır. Ermənistanın Azərbaycan gücü, Türkiyənin supergücə çevrilməsi , Zəngəzur dəhlizi və yeni kommunikasiya arxitekturası arasında bufer, alət, geosiyasi ara qat rolunu oynadığı köhnə oyunun davamına pul qoyur.
Köhnə erməni hərbi-siyasi sisteminin simvollarından biri olan siyasi meyit Robert Köçəryan bu günlərdə dedi ki, bəs 44 günlük müharibə zamanı Ermənistana silah və sursat daşınması üçün yalnız İran sərhədi və hava məkanı açıq idi, Gürcüstan marşrutu isə bağlı qalmışdı. Bax budur, erməni düşərgəsinin içindən gələn etiraf. Nə "Azərbaycan təbliğatı"dır, nə emosional açıqlama, nə də analitiklərin ehtimalı. Ermənistanın hərbi logistika mexanizmlərini çoxlarından yaxşı bilən bir adam açıq dedi: belə tədarüklər üçün yeganə açıq dəhliz İran idi. Bundan sonra hələ də kimsə Bakıya Tehranın neytrallığı barədə nağıl danışacaq?
Neytrallıq? Hansı neytrallıqdan söhbət gedir ki, Vətən Müharibəsi günlərində İran üzərindən Ermənistanın hərbi maşını dəstəklənirdi?!
Hansı neytrallıqdan danışmaq olar ki, müharibədən sonra Tehran sülh naminə nəticə çıxarmadı, əksinə, təlimlər, hədələr, "qırmızı xətlər" və Ermənistanın müdafiə qabiliyyətinə dəstək dili ilə daha ucadan, isterika ilə danışmağa başladı?
Nə "neytrallıq"dan bəhs olunur ki, tərəzinin bir gözündə beynəlxalq hüquqla tanınmış Azərbaycanın ərazi bütövlüyü, digər gözündə isə təhlükəsizlik barədə bəzəkli sözlərlə örtülən erməni revanşizmi dayanırdı? Molla rejiminin sözügedən məsələlərdəki mövqeyi əslində, çoxdan məlumdur.
Soyuq hesab var. Qorxu var. Dəhlizlər, buferlər və idarə olunan xaos kateqoriyaları ilə düşünmək vərdişi var.
İran nə 44 günlük müharibədən əvvəl, nə də ondan sonra Azərbaycana açıq, müqayisəli və ciddi hərbi yardım göstərib. Əvəzində isə Bakının güclənməsindən təşvişə düşüb, əndişələnib.
2021-ci ildə İran ordusu Azərbaycan sərhədləri yaxınlığında zirehli texnika, artilleriya, pilotsuz aparat və helikopterlərin cəlb olunduğu təlimlər keçirdi. 2022-ci ildə yeni genişmiqyaslı manevrlər oldu, o cümlədən Araz üzərindən keçid ssenarisi işlənildi. Bu artıq sadəcə hərbi hazırlıq deyildi. Bu, qorxutma məqsədli siyasi teatr idi. Tehran əzələ nümayişini Azərbaycan İrana təhdid yaratdığına görə etmirdi. Bunu ona görə edirdi ki, Azərbaycan artıq zəif deyildi. İmperiya təfəkkürü üçün isə zəif qonşu rahatdır, güclü qonşu təhlükəli.
Zəngəzur dəhlizi Tehran üçün xüsusilə ağrılı mövzudur. Niyə? Çünki o, asılılığın köhnə coğrafiyasını dağıdır. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirir, türk nəqliyyat qövsünü gücləndirir, Türkiyənin, Mərkəzi Asiyanın və Xəzərin rolunu artırır, İranın tranzitdə monopol mövqeyinin əhəmiyyətini azaldır. Normal dövlət üçün bu, regional iqtisadiyyata inteqrasiya imkanı olardı. Molla rejimi üçünsə bu, öz rıçaqlar sisteminə zərbə kimi görünür. Tehran "sərhədlərin dəyişməsi"ndən qorxmur, hərçənd bunu təkrar etməyi sevir. O, təsir balansının dəyişməsindən qorxur. Tanklar üçün deyil, ticarət, enerji, logistika və regionun siyasi müstəqilliyi üçün yol olacaq dəhlizdən qorxur.
Əsas paradoks da məhz bundadır. Tehran rejimi onilliklər boyu "müsəlman həmrəyliyi"ndən danışıb, amma Azərbaycan məsələsində məzkur boşboğaz ritorika havaya sovrulub. Azərbaycan torpaqları işğal altında olanda, yüz minlərlə azərbaycanlı doğma evindən uzaqda yaşamağa məcbur qalanda, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistanın işğalçı qüvvələrinin çıxarılmasını tələb edəndə Tehran beynəlxalq hüququ özünün "qırmızı xətt"inə çevirmədi. İşğalçılara qarşı genişmiqyaslı təlimlər keçirmədi. Qanunsuz reallığı qidalandıran iqtisadi kanalları bloklamadı. Sərt ultimatumlar dilində danışmadı. Ticarət etdi. Manevr etdi. Uyğunlaşdı. Fayda götürdü.
Azərbaycan nəzarətindən yan keçərək Qarabağa gedən İran yük maşınları ilə bağlı olaylar sözügedən çirkin ikili oyunun ən ayinə epizodlarından birinə çevrildi. Azərbaycan cənubda bir sıra ərazilərə nəzarəti bərpa etdikdən sonra məlum oldu ki, illərlə adi hal kimi qəbul edilən əvvəlki logistika Bakının suveren hüquqlara malik olduğu məkandan keçirmiş. 2021-ci ildə Azərbaycan tərəfi Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrində İran yük maşınlarından rüsum almağa başladı. İranlı sürücülər saxlanıldı və bu, diplomatik böhrana səbəb oldu. Amma böhranın mahiyyəti sürücülərdə deyildi. Mahiyyət onda idi ki, İran başqasının suverenliyindən boş sahə kimi keçməyə öyrəşmişdi.
İşğal illərində Qarabağ və ətraf rayonlar ətrafında bütöv bir kölgə iqtisadiyyatı formalaşmışdı. Yanacaq, mallar, taxta-şalban, metallar, təbii sərvətlər - bütün bunlar vakuumda mövcud deyildi. İşğalın həmişə öz mühasibatlığı olur. Onun yanacaq daşıyan maşınları, vasitəçiləri, bazarları, anbarları, marşrutları, gömrük bozluğu və siyasi damı var. Bu sistemdə İran bazarı abstrakt coğrafiya deyildi. O, qanunsuz vəziyyətin iqtisadi baxımdan yaşarlı edilməsinə xidmət edən reallığın bir hissəsi idi. Ona görə də 2026-cı ilin paradı barədə danışığı əvvəlki üç onilliyin siyasətindən ayırmaq olmaz. İrəvan meydanındakı "Majid" həmin yük maşınlarının davamıdır. Sadəcə indi sisternlər və mallar əvəzinə buraxılış konteynerləri və raketlər var.
Erməni işğalından azad edilmiş ərazilərə vurulmuş ekoloji zərər də beynəlxalq ekoloji qiymətləndirmələrdə qeydə alınıb və bu mənzərədən ayrı götürülə bilməz. Söhbət təxminən 11 784 kvadrat kilometrlik bölgədən gedir. Bu isə Azərbaycan ərazisinin təxminən 15 faizi deməkdir. Bu torpaqlar üç onilliyə yaxın müddətdə böyük ölçüdə insansızlaşdırılmış, normal təsərrüfat, hüquqi və ekoloji nəzarətdən qoparılmışdı. Hesabatlarda torpaq deqradasiyası, mədən obyektləri ilə bağlı risklər, çayların çirklənməsi, monitorinq problemləri, reabilitasiya zərurəti qeyd olunurdu. Bəs regionda illərlə bu fəlakət barədə kim haray salırdı? Talan sxemlərini kim bloklayırdı? Ermənistana kim təzyiq göstərirdi? Tehran? Xeyr. Molla rejimi dağıdılmış Azərbaycan torpağını yox, özü üçün sərfəli olan erməni təsir dəhlizini görməyə üstünlük verirdi.
İndi isə mənəvi asimmetriya xüsusilə qabarıq görünür. İranda hərbi eskalasiya başlayanda, insanlar həlak olanda Azərbaycan başqasının faciəsini bayram etmədi, qonşunun zəifliyindən istifadə etməyə girişmədi, yanğınların fonunda şampan açmadı. Bakı humanitar yardım göndərdi: 200 ton, o cümlədən 190 ton ərzaq, 7 ton dərman və 3 ton tibbi avadanlıq. İran Prezidenti Məsud Pezeşkian yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi. Dövlətlə rejim arasındakı fərq də budur. Azərbaycan çətin anda İran xalqına yardım edir. Tehrandakı rejimsə Azərbaycana qarşı erməni hərbi maşınını silahlandırır. Biri un və dərman göndərir. O biri isə hava hücumundan müdafiə sistemləri və revanşın pilotsuz fəlsəfəsini.
Əlbəttə, kimsə deyəcək: hər dövlətin silah satmaq hüququ var. Formal baxımdan, bəli. Amma siyasətdə yalnız forma deyil, kontekst də önəmlidir. Əgər bir ölkə onilliklər boyu işğala göz yumubsa, sonra Azərbaycana qarşı hərbi logistika üçün marşrutlar açıbsa, ardınca Azərbaycan sərhədləri yaxınlığında nümayişkaranə təlimlər keçiribsə, Zəngəzur dəhlizini təhlükə elan edibsə, Qafanda konsulluq açıbsa, əsas geosiyasi dönəmlərdə Ermənistanı dəstəkləyibsə və nəhayət, öz silahını erməni paradına çıxarıbsa, bu artıq kommersiya deyil. Bu, xətdir. Bu, strategiyadır. Bu, dəst-xəttdir. Bu, qara mürəkkəblə yazılmış siyasi alibidir.
İrəvan isə öz növbəsində təhlükəli çoxvektorluq oyunu oynayır. O, Qərb təminatları, Fransa artilleriyası, Hindistan sistemləri, Rusiyanın hərbi inersiyası, Amerikanın dəstəyi, Avropa leksikonu və İran hava hücumundan müdafiəsi istəyir. Buna nə ad vermək olar? Sülh gündəmi? Xeyr. Bu, təhlükəsizlik bazarıdır. Ermənistan hakimiyyəti həmin bazarda hər şeyi bir anda almağa çalışır: Qərbin rəğbətini, Rusiyanın səbrini, Hindistanın silahını, İranın dəstəyini və yeni hərbi arxitektura üçün vaxtı. Paşinyan sülhdən danışır, amma parad başqa şey deyir. Siyasətçi sözlə danışır, ordu metalla. Respublika meydanında mayın 28-də "Majid"lərin keçidi Tehranın yalanlarını və İrəvanın söz oyunlarını puç etdi.
Ermənistanın avropayönlü vitrinini İranın silah kölgəsi ilə uzlaşdırmaq cəhdi xüsusilə riyakar görünür. İrəvan demokratik forpost kimi görünmək istəyir, amma sanksiya təzyiqi altında olan və müharibə zonalarına raketlərlə pilotsuz aparat ixracı ilə assosiasiya edilən bir dövlətin texnikasını alır və ya nümayiş etdirir. İrəvan Vaşinqtonda və Brüsseldə alqış istəyir, amma eyni zamanda Tehrandan da imtina etmir. İrəvan dünya ilə islahat dili ilə danışmaq istəyir, amma revanş dili ilə silahlanır. Bu, siyasi şizofreniya deyilmi? Bu, başqasının hesabına yaşamaq üzrə klassik erməni məktəbi deyilmi: hamıya vəd ver, hamıdan al, heç kimə axıra qədər sadiq qalma?
Molla rejimi başa düşməlidir: Azərbaycanda hər şeyi görürük. Erməni paradında İran komplekslərini gördük. Keçmişin marşrutlarını, Araz sahilindəki təlimləri unutmadıq. Zəngəzur dəhlizi ətrafında qoparılan isterikanı gördük. Geosiyasi qorxunu dini, anti-sionist və ya "sərhədlərin pozulmasına qarşı" ritorika libasına bürümək cəhdlərini də görürük. Amma çalmalı cənablar, yetər! Azərbaycan qonşunun qoltuğunda gizlətdiyi xəncərə görə təşəkkür etməyə, düşmən strategiyasını "mürəkkəb diplomatiya" kimi qəbul etməyə məcbur deyil.
Molla rejimi Azərbaycan aqressiyasından qorxmur. O, Azərbaycanın uğurundan qorxur. Güclü, dünyəvi, iqtisadi cəhətdən böyüyən, nəqliyyat baxımından əvəzsiz Azərbaycandan xoflanır. Bakının regionla tabeçilik dili ilə deyil, suverenlik dili ilə danışacağından qorxur. Yolların Tehrana sərf edən istiqamətə yox, gələcəyin məntiqinin apardığı istiqamətə gedəcəyindən əndişələnir. Naxçıvanın dolama sxemlərdən asılılığının bitəcəyindən qorxur. Cənubi Qafqazın yad imperiya fantaziyalarının arxa bağçası olmaqdan çıxacağından təlaşlanır. Ona görə də erməni hava hücumundan müdafiəsi Tehran üçün mal deyil, yeni reallığa qarşı siyasi amuletə çevrilir.
Amma yeni reallıq artıq bölgəyə hökmrandır. Qarabağ azaddır. Azərbaycan ərazi bütövlüyünü bərpa edib. İnsanların azad edilmiş torpaqlara qayıdışı yolların, şəhərlərin, infrastrukturun, hava limanlarının, energetikanın və rabitənin bərpası ilə paralel gedir. Beynəlxalq kommunikasiya layihələri artıq xəritə üzərində abstrakt xətt deyil. Onlar böyük Avrasiya logistikasının bir hissəsinə çevrilir. İran qəzəblənə bilər, hədələyə bilər, Ermənistanı silahlandıra bilər, erməni parad mikrofonu vasitəsilə "Majid"i "Scorpion" adlandıra bilər. Amma bir faktı ləğv edə bilməz: köhnə düzən çöküb.
Azərbaycan üçün nəticə sərt və soyuqqanlı olmalıdır - heç bir illüziya!
İrandakı molla rejimi erməni-Azərbaycan məsələsində vasitəçi və ya neytral qonşu deyil. O, öz qorxuları, stavkaları və anti-Azərbaycan refleksləri ilə regional tənliyin iştirakçısıdır. Bu, İran xalqı ilə düşmənçilik etmək lazım olduğu anlamına gəlmir. Əksinə, İran xalqı və molla rejimi eyni şey deyil. Azərbaycanın humanitar yardımı bunu aydın göstərdi. Amma rejimlərlə sentimentlərlə deyil, faktların, kəşfiyyatın, diplomatiyanın, müdafiənin, iqtisadi dayanıqlığın və ictimai ifşanın gücü ilə danışırlar.
İrəvandakı paradda "Majid" sadəcə buraxılış qurğusu deyil. Bu, güzgüdür. Həmin güzgüdə Tehranın makiyajsız sifəti, "qardaşlıq" sözlərinin arxasında geosiyasi qısqanclığın necə gizləndiyi, sərhədlər barədə bəyanatların arxasında dəhlizlərdən qorxunun necə dayandığı, diplomatik təbəssümlərin arxasında silah müqaviləsinin necə gizləndiyi görünür, dini şüarların arxasında soyuq hesabın necə pərdələndiyi görünür.
Maska cırılıb atıldı. İndi bunun sadəcə texnika, sadəcə parad, sadəcə müdafiə olduğunu demək üçün artıq gecdir. Xeyr, cənablar. Bu, etirafdır. Təkərlər üzərində. Metalda. Bütün regionun gözü qarşısında.
Azərbaycan bu kadrı yadda saxlamalıdır. Emosional partlayış üçün yox, strateji yaddaş üçün. Çünki siyasətdə unutqanlıq zəiflərin dəbdəbəsidir. Azərbaycan isə öz müstəqilliyi, ərazi bütövlüyü və reallığı illüziyasız görmək hüququ üçün həddindən artıq ağır bədəl ödəyib. İrəvanda Respublika meydanındakı İran silahı minlərlə diplomatik ifadədən daha çox şey dedi. O dedi: Tehran stavkasını edib.
Biz də hesabımızı götürdük.
Elçin Alıoğlu
Milli.Az