Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr yaradılıb

2 İyun 2026 12:55

İyunun 1-də Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələr təsis edilib.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike Nyu-York şəhərində Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziya Federativ Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Cim Lipve tərəfindən imzalanıb.

Birgə Kommünikedə Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları, habelə xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təşviq olunması niyyəti ifadə olunur.

Sənəddə həmçinin hər iki dövlətin hökumətlərinin diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tutduqları vurğulanır.

Birgə Kommünikenin BMT sənədi kimi yayılması məqsədilə BMT Baş katibinə müvafiq məktub ünvanlanıb.

Milli.Az