Öz-özünə danışmaq uzun müddət qəribə vərdiş kimi qəbul edilsə də, müasir psixologiya bu davranışı getdikcə daha çox normal və hətta faydalı beyin mexanizmi kimi qiymətləndirir. Tədqiqatçılar bildirirlər ki, insan tək olarkən ucadan danışırsa, bu onun qəribə olması demək deyil - əksinə, o, beyninə düşünməkdə kömək edir.
Milli.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "Bolde" portalı yazır.
Gündəlik həyatda bu hal tez-tez müşahidə olunur. Açarları axtararkən, yemək hazırlayarkən və ya gərgin söhbətdən sonra insanlar öz-özünə "Onları hara qoymuşam?" kimi suallar verə və ya gün ərzində baş verənləri ucadan təhlil edə bilirlər.
Psixoloqlar vurğulayırlar ki, bu davranış universal xarakter daşıyır. Bir çox böyüklər özlərini belə vəziyyətdə görəndə utanclar hiss etsələr də, alimlər bunu uşaqlıqdan formalaşan təbii mexanizmin davamı hesab edirlər.
Uşaqlar tez-tez gördükləri işləri ucadan ifadə edirlər və yalnız yaş artdıqca "səssiz düşüncə" mərhələsinə keçirlər. Lakin həmin mexanizm tamamilə yox olmur.
Sözlər emosiyaları necə dəyişir?
Tədqiqatçıların fikrincə, düşüncələri ucadan ifadə etmək beynə emosiyaları daha anlaşılan formaya çevirməyə kömək edir.
Psixoloqlar qeyd edirlər ki, insan hisslərini səsləndirdikdə beyin onları emal edilə bilən məlumat kimi qəbul edir.
Məsələn, "Görüşlə bağlı narahatam" cümləsi yalnız vəziyyəti təsvir etmir, eyni zamanda narahatlığın intensivliyini azaldaraq insanın onu daha yaxşı idarə etməsinə şərait yaradır.
Maraqlıdır ki, insanlar "mən" əvəzliyi əvəzinə öz adlarından istifadə etdikdə bu təsir daha da güclənir. Araşdırmalar göstərir ki, özünə üçüncü şəxs kimi müraciət etmək beynin emosional reaksiyasını zəiflədir.
Məsələn, "Məryəm, sən bunun öhdəsindən gələcəksən" kimi ifadələr emosiyadan müəyyən psixoloji məsafə yaratmağa kömək edir.
Niyə insanlar daha çox duşda və ya avtomobildə özləri ilə danışırlar?
Alimlər müəyyən ediblər ki, daxili və ya ucadan aparılan dialoq ən çox sosial təzyiqin olmadığı və əllərin məşğul olduğu mühitlərdə yaranır. Bu hallara avtomobil idarə edərkən, duş qəbul edərkən, gəzinti zamanı və ya gündəlik rutin işlər görülərkən rast gəlinir.
Məhz belə şəraitdə beyin düşüncələri emal etmə rejiminə keçir. Psixoloqlar bildirirlər ki, fikirlər çox vaxt auditoriyanın olmadığı məkanlarda formalaşır.
Özünlə danışmağın faydalı və faydasız növləri
Mütəxəssislər daxili dialoqu iki növə ayırırlar:
* Məhsuldar dialoq - insan problemi müəyyənləşdirir, mümkün addımları səsləndirir və həll yolu tapmağa çalışır;
* Dövrəvi dialoq - eyni fikirlər dəyişiklik olmadan təkrar olunur və bu da narahatlığın artmasına səbəb olur.
Psixoloqların sözlərinə görə, bəzi düşüncələr insanı irəli aparır, bəziləri isə sadəcə eyni dairədə fırlanır.
Tədqiqatçılar vurğulayırlar ki, cəmiyyətdə mövcud olan stereotiplərin əksinə olaraq, öz-özünə danışmaq nə stressin, nə də tənhalığın əlamətidir. Bu, insanın emosiyalarını daha yaxşı anlamağa, özünü tənzimləməyə və qərar qəbul etməyə kömək edən faydalı bir vasitədir.
Milli.Az