Xaçmazda “Nağıl” Uşaq İstirahət Parkı istifadəyə verilib - FOTO

1 İyun 2026 15:19

Xaçmaz rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün nəzərdə tutulmuş "Nağıl" istirahət parkı istifadəyə verilib.

Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli sahibkarlar, şəhid ailələri, qazilər və uşaqlar iştirak ediblər.

Park rayonun ictimai həyatında fəal iştirak edən sahibkar Qasım Muradovun maliyyə dəstəyi ilə inşa edilib. Ərazidə uşaqların sağlam istirahəti, fiziki və intellektual inkişafı üçün müxtəlif attraksionlar, müasir oyun qurğuları, rahat oturacaqlar və yaşıllıq zonaları yaradılıb. Parkın ərsəyə gəlməsində peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin də zəhməti olub, onların əldə etdikləri bilik və bacarıqlardan parkın ayrı-ayrı elementlərinin hazırlanmasında istifadə edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər rəsmi qonaqlar parkda yaradılan şəraitlə tanış olub, uşaqları bayram münasibətilə təbrik ediblər. Elnur Rzayev qeyd edib ki, uşaqların qayğısına qalmaq və onlara layiqli gələcək bəxş etmək dövlətimizin prioritet vəzifələrindəndir. Belə sosial layihələr uşaqların inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm zəmin yaradır.

Tədbir mədəni-kütləvi proqramla davam edib. Körpələr evi-uşaq bağçalarının kollektivləri və məktəblilər müxtəlif bədii kompozisiyalarla çıxış ediblər. Sonda şəhid övladlarına Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

Milli.Az