Əməkdar artist illər sonra EFİRƏ ÇIXDI - VİDEO

1 İyun 2026 15:15

Əməkdar artist Səbinə İlyasova uzun müddətdir efirlərdən uzaq qalmasının səbəblərini açıqlayıb.

Milli.Az xəbər verir ki, sənətçi "Günə Uğurla" verilişində qonaq olarkən bildirib ki, bu qərarın arxasında bir neçə səbəb dayanır. O, sənətə başladığı dövrlə indiki dövr arasında böyük fərqlərin olduğunu vurğulayıb.

Səbinə İlyasovanın sözlərinə görə, əvvəllər televiziya məkanında daha ciddi tələblər mövcud idi və musiqi savadı olmayan ifaçılar efirə buraxılmırdı. Müğənni qeyd edib ki, sonrakı illərdə sənət aləmində fərqli mənzərə formalaşıb və o, bu dəyişikliklərə tam uyğunlaşa bilməyib.

Əməkdar artist yaradıcılıq yolunda böyük sənətkar Rəşid Behbudovun məktəbindən keçdiyini xatırladaraq, onun dəvəti ilə uzun illər Mahnı Teatrının solisti kimi fəaliyyət göstərdiyini bildirib.

Müğənni həmçinin şəxsi həyatı ilə bağlı da danışıb. O, yeganə övladının ABŞ-da təhsil aldığını, bu səbəbdən son illərdə tez-tez xaricə səfər etdiyini deyib. Sənətçinin sözlərinə görə, oğlu artıq Bakıya qayıdıb və bu da onun yaradıcılıq fəaliyyətinə daha çox vaxt ayırmasına imkan yaradır.

Səbinə İlyasova gələcəkdə yenidən efirlərdə görünə biləcəyini desə də, hər verilişə qatılmağı düşünmədiyini vurğulayıb. O, şou xarakterli proqramlardan həmişə uzaq durmağa çalışdığını da qeyd edib.

Musa
Milli.Az