Pambıq kimi yumşaq və ləzzətli bir qovurma bişirmək göründüyü qədər asan deyil. Hətta ən təcrübəli aşpazların belə fərqinə varmadan etdiyi bəzi kiçik səhvlər, saatlarla bişən ətin sərt, quru və ya dadsız olmasına yol aça bilir.
Milli.Az xəbər verir ki, əti qazana qoyduğunuz andan süfrəyə verənə qədər qovurma bişirərkən ən çox edilən 5 səhv və onların doğru həll yolları aşağıdakılardır:
1. Əti səhv seçmək və dincəltmədən bişirmək
Qovurmanın keyfiyyətini təyin edən ilk addım ət seçimidir. Vətərli (sinirli), sərt və ya təmizlənməmiş ətlərdən istifadə etmək yeməyin strukturunu tamamilə korlayır. İdeal qovurma üçün dana və ya quzunun yumşaq, az vətərli hissələri seçilməli, üzərindəki artıq vətər və piylər mütləq təmizlənməlidir.
Ən böyük xətalardan biri də yeni kəsilmiş isti əti dərhal qazana tökməkdir. Doğru şəkildə dincəldilməyən ət bişmə prosesində yığılaraq sərt bir forma alır.
2. Səhv temperatur seçimi: Ocağı həddindən artıq çoxaltmayın
Əti birdən-birə çox yüksək atəşə məruz qoysanız, xarici hissəsi sürətlə yanar, daxili isə çiy və sərt qalar. Bunun əksinə, əti çox az odda bişirmək də onun şirəsini vaxtından əvvəl buraxmasına və ləzzətini itirməsinə səbəb olar.
Qazanı orta-yüksək atəşdə yaxşıca qızdırdıqdan sonra əti içinə tökmək və tənzimlənən temperaturda bişməyə qoymaq lazımdır. Bundan əlavə, bişmə əsnasında qazanın qapağını tez-tez açmaq buxar balansını pozur və ətin bərabər qaydada bişməsinə mane olur.
3. Əti dayanmadan qarışdırmaq (möhürləmə səhvi)
Qazanın başında dayanıb əti fasiləsiz olaraq qarışdırmaq qovurmaya edilə biləcək ən böyük səhvlərdən biridir. Sürekli qarışdırmaq ətin xarici səthinin qapanmasına, yəni möhürlənməsinə mane olur. Möhürlənməyən ət isə bütün ləzzətli şirəsini çölə buraxır və quruyur.
Əti qazana əlavə etdikdən sonra öz-özünə möhürlənməsinə icazə verilməli, daha sonra isə yalnız müəyyən aralıqlarla və nəzarətli şəkildə qarışdırılmalıdır.
4. Duzu və ədviyyatları əvvəlcədən əlavə etmək
"Yeməyin duzu əvvəldən vurulur" qaydası qovurmaya aid deyil. Duzu bişmə prosesinin əvvəlində əlavə etmək ətin şirəsini vaxtından tez buraxmasına və rezin kimi sərtləşməsinə səbəb olur.
Ədviyyatları da çox erkən vurduqda, uzun bişmə müddətində yanaraq yeməyə acı bir dad verə bilər.
Duz və ədviyyatlar ət tamamilə yumşalıb bişməyə yaxınlaşarkən, yəni sonuncu mərhələdə qazana əlavə edilməlidir.
5. Bişən kimi sürətlə süfrəyə vermək
Qovurma bişən kimi səbirsiz davranıb dərhal boşqaba çəkmək edilən sonuncu böyük səhvdir. Ocaqdan yeni götürülən ət dincəldilmədən kəsilərsə və ya servis edilərsə, daxilindəki bütün şirəsi çölə axır. Bu isə yeməyin həm ləzzət, həm də yumşaqlıq itirməsi deməkdir.
Qovurma bişdikdən sonra qazanın qapağı bağlı vəziyyətdə bir neçə dəqiqə öz halında dincəldilməlidir. Bu müddət ərzində ət buraxdığı şirəni yenidən özünə çəkərək pambıq kimi yumşaq konsistensiyaya gələcəkdir.
Lalə Qüdrətova
Milli.Az