Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi

31 May 2026 23:36

Texnologiya nəhəngi "Dell" şirkətinin səhmləri tarixinin ən uğurlu gününü yaşayıb. Süni intellekt serverlərinə olan yüksək tələbat sayəsində şirkətin qurucusu və baş icraçı direktoru Maykl Dell sərvətinə sərvət qataraq qlobal zənginlər siyahısında sürətlə irəliləyib. Analitiklər bu maliyyə göstəricilərini "indiyə qədər avadanlıq (hardware) sektorunda görülmüş ən təsirli rüblərdən biri" kimi qiymətləndirirlər.

Milli.Az xəbər verir ki, cümə günü birja əməliyyatlarının başlaması ilə "Dell" şirkətinin səhmləri %32,1 dərəcəsində tarixi bir sıçrayış edib. Bununla da 2024-cü ilin mart ayındakı %31,6-lıq rekord yenilənib.

"Forbes"-un real zamanlı milyarderlər siyahısının məlumatlarına görə, Maykl Dell-in xalis sərvəti cəmi bir gün ərzində 35,8 milyard dollar artaraq 245,9 milyard dollara çatıb. Bu kəskin artım nəticəsində Dell, 215,6 milyard dollar sərvəti olan "Meta"-nın rəhbəri Mark Zuckerberg-i geridə qoyaraq dünyanın ən zəngin 6-cı insanı olub. O, hazırda sərvəti 266,4 milyard dollara yüksələn "Oracle"-ın qurucusu Larri Ellisonun dərhal arxasında qərarlaşıb.

"Dell" şirkətinin açıqladığı birinci rübün maliyyə hesabatı maliyyə bazarlarındakı bütün proqnozları alt-üst edib:

Bir səhm üçün nəzərdə tutulan 2,96 dollarlıq mənfəət proqnozuna qarşı şirkət 4,86 dollar mənfəət əldə edib.

Rüblük gəlir gözlənilən 35,7 milyard dolları aşaraq 43,8 milyard dollar olaraq reallaşıb.

Bu böyük uğurun əsas səbəbi süni intellekt serverlərinin satışı olub. Şirkətin süni intellekt serverlərindən əldə etdiyi gəlir illik müqayisədə astronomik bir templə - %757 artaraq 16,1 milyard dollara yüksəlib. Rübün sonuna olan məlumata görə, şirkət təxminən 24,4 milyard dollarlıq süni intellekt sifarişi qəbul edib.

Bu dinamika fonunda "Dell", fevral ayında il üçün planlaşdırdığı 50 milyard dollarlıq süni intellekt gəlir hədəfini 60 milyard dollara qədər artırıb. Bu rəqəm ötən illə müqayisədə %144-lük bir performans artımı deməkdir.

"Dell"-in maliyyə hesabatları daha əvvəl ehtiyatlı mövqe nümayiş etdirən böyük analiz şirkətlərini də təəccübləndirib. "Morgan Stanley" analitikləri dərc etdikləri hesabatda səhv etdiklərini etiraf edərək bu fikirləri bölüşüblər:

"Bu rüb, xüsusilə komponent dünyasında yaşanan inkişafları nəzərə alsaq, ümumi xətləri ilə avadanlıq (hardware) sektorunu izlədiyimiz dövr ərzində gördüyümüz ən təsirli rüblərdən biri oldu."

"Moor Insights & Strategy" şirkətinin baş analitiki Patrik Moorhed isə "Dell"-in qazanc hesabatını "Həyatımda daha əvvəl heç görmədiyim qədər mütləq bir partlayış" sözləri ilə ifadə edib.

Lalə Qüdrətova
Milli.Az