Portuqaliyalı mütəxəssis Joze Mourinyonun yenidən "Real Madrid"in sükanı arxasına keçəcəyi ilə bağlı iddialar güclənməkdədir.
Milli.Az xəbər verir ki, təcrübəli baş məşqçinin Madrid klubuna mümkün qayıdışı reallaşacağı təqdirdə, komandada köklü dəyişikliklər edəcəyi gözlənilir.
Mourinyo superulduz adlardan ibarət deyil, uğura "ac olan" futbolçulardan qurulmuş bir heyət istəyir. Portuqaliyalı çalışdırıcı öz mentalitetinə uyğun gələn və eqolarını paltardəyişmə otağının qapısında buraxmağa hazır olan oyunçulara üstünlük verəcək.
Mourinyonun rəhbərlikdən xüsusi olaraq 6 yeni futbolçunun transfer edilməsini tələb edəcəyi bildirilir. Onun gücləndirmək istədiyi mövqelər bunlardır:
Müdafiə xətti: 2 mərkəz müdafiəçisi, 1 sağ cinah və 1 sol cinah müdafiəçisi.
Yarımmüdafiə xətti: 2 yeni mərkəz oyunçusu.
Digər tərəfdən, "Real Madrid"də yaxınlaşan prezidentlik seçkiləri də transfer gündəmini qızışdırıb. Klubun prezidentliyinə namizəd olan Enrike Rikelmenin "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Rodrini Madridə gətirmək istədiyi məlum olub.
Rodriyə yaxın mənbələr Rikelme ilə bu barədə müzakirələrin aparıldığını təsdiqləsələr də, hələlik tərəflər arasında heç bir rəsmi danışığın baş tutmadığını vurğulayıblar.
Milli.Az