Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir

31 May 2026 21:37

Milli.Az Trend-də dərc olunan məqaləni təqdim edir:

İyunun 1-dən 3-nədək Bakı yenidən qlobal enerji dialoqunun əsas platformalarından birinə çevriləcək. Bakı Enerji Həftəsi 2026 (Baku Energy Week 2026) çərçivəsində hökumət rəsmiləri, beynəlxalq enerji şirkətlərinin rəhbərləri, maliyyə institutlarının nümayəndələri və ekspertlər enerji təhlükəsizliyi, ənənəvi və "yaşıl" energetikanın inkişafı, investisiyalar və regional inteqrasiya məsələlərini müzakirə edəcəklər.

Tədbirin miqyası Azərbaycanın dünya enerji arxitekturasında artan rolunu növbəti dəfə təsdiqləyir. Bu il Bakı Enerji Həftəsində iştirakını dünyanın 44 ölkəsindən 274 şirkət təsdiqləyib. Forumun proqramında təkcə yeni sazişlərin imzalanması deyil, həmçinin İnkişaf Etməkdə Olan Səkkiz Ölkənin (D-8) energetika nazirlərinin birinci görüşünün, eləcə də birinci Azərbaycan-Amerika iqtisadi dialoqunun keçirilməsi nəzərdə tutulur.

Lakin qarşıdakı görüşlərin əhəmiyyəti ənənəvi sahə forumunun çərçivələrindən kənara çıxır. Mahiyyət etibarilə Bakı təkcə bugünkü energetikanın müzakirə olunduğu deyil, həm də Azərbaycan, Avropa, Mərkəzi Asiya ölkələri, Yaxın Şərq və digər tərəfdaşlar arasında gələcək əməkdaşlıq gündəliyinin formalaşdığı bir mərkəzə çevrilir.

Hazırkı Bakı Enerji Həftəsinin bu ilin mart ayında keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasından cəmi bir neçə ay sonra baş tutması xüsusilə xarakterikdir. O vaxt da Bakıda Avropa İttifaqının, həmçinin enerji resurslarının istehlakçı, istehsalçı və tranzit dövlətlərinin yüksək səviyyəli nümayəndələri toplaşmışdı. Həmin müzakirələrin əsas nəticəsi Azərbaycan ilə Avropa arasında enerji tərəfdaşlığının strateji əhəmiyyətinin bir daha təsdiqlənməsi oldu.

Əgər bir neçə il əvvəl əməkdaşlıq əsasən neft və qaz tədarükü ətrafında qurulurdusa, bu gün o, daha kompleks xarakter alır. Avropa İttifaqı Azərbaycanı təkcə etibarlı təbii qaz tədarükçüsü kimi deyil, həm də bərpa olunan energetika sahəsində, "yaşıl" elektrik enerjisinin ötürülməsində və yeni enerji dəhlizlərinin inkişafında aparıcı tərəfdaşlardan biri kimi nəzərdən keçirir.

Azərbaycanın qlobal enerji sistemində mövqelərinin bu cür möhkəmlənməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və uzunmüddətli enerji strategiyasının nəticəsidir. Məhz praqmatik resurs siyasətinin və infrastrukturun aktiv inkişafının vəhdəti ölkəyə enerji resurslarının etibarlı tədarükçüsü kimi dayanıqlı mövqe tutmağa və eyni zamanda "yaşıl" enerji keçidi trayektoriyasına çıxmağa imkan verib.

Bununla belə, qaz komponenti münasibətlərin təməli olaraq qalır. Üstəlik, Avropa enerji bazarının davam edən transformasiyası fonunda onun əhəmiyyəti azalmır, əksinə, daha da güclənir.

Son illərin enerji böhranından sonra Avropa yanacaq tədarükü mənbələrini aktiv şəkildə şaxələndirir. Yaxın Şərqdə qlobal enerji bazarlarına və logistika zəncirlərinə təsir göstərən geosiyasi proseslər əlavə qeyri-müəyyənlik amili olaraq qalmaqdadır. Bu şəraitdə Azərbaycan etibarlı və qabaqcadan proqnozlaşdırıla bilən tədarükçü nüfuzunu möhkəmləndirməkdə davam edir.

Mart ayında məhz Bakıda Cənub Qaz Dəhlizinin mövcud infrastrukturunun genişləndirilməsi zərurətinin müzakirə edilməsi təsadüfi deyil. Avropada Azərbaycan qazına olan tələbat artmaqda davam etdiyi halda, mövcud güclər artıq demək olar ki, imkanlarının son həddində işləyir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mart ayında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası zamanı bildirdiyi kimi, Azərbaycan Avropa enerji bazarında öz iştirakını genişləndirmək istəyir.

"Biz artıq Avropanın daha iki ölkəsinə - Almaniya və Avstriyaya qaz tədarük etməyə başlamışıq. Beləliklə, bu gün Avropa İttifaqının 10 üzv ölkəsi Azərbaycandan qaz alır. Növbəti illərdə isə Azərbaycan yataqlarında yeni qaz həcmlərinin hasilatını nəzərə alaraq, biz tədarük həcmlərini artıra bilərik. Lakin bunun üçün, sözsüz ki, - və biz bu barədə ötən dəfə danışmışdıq, - mövcud qaz nəqli infrastrukturunun genişləndirilməsi haqqında düşünməliyik, çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənib və biz dünyanın hazırkı vəziyyətini nəzərə alaraq, bazarın tələb etdiyi qədər, bəlkə də daha çox tədarük edə bilmək üçün digər genişləndirmə və interkonnektor imkanlarını axtarırıq. Və bacardığımız qədər ixrac edə bilmək üçün", - dövlət başçısı bildirib.

Statistika əməkdaşlığın dayanıqlı artımını təsdiqləyir. Trans-Adriatik Qaz Boru Kəməri (TAP AG) konsorsiumunun məlumatına görə, təkcə 2026-cı ilin ilk 4 ayı ərzində Trans-Adriatik qaz boru kəməri vasitəsilə Avropaya 3,72 milyard kubmetr Azərbaycan qazı nəql edilib. Bunun 3 milyard kubmetrdən çoxu Azərbaycan qazının Avropadakı ən böyük alıcısı olan İtaliyanın payına düşüb. Trans-Adriatik qaz boru kəmərinin kommersiya istismarına başlanmasından bəri ümumi nəql həcmi artıq 58 milyard kubmetri ötüb.

Paralel olaraq ümumi ixrac göstəriciləri də artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan 6,257 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 6,1% çoxdur.

Bununla yanaşı, tədarükün gələcək artım potensialı əhəmiyyətli olaraq qalır. Cari ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağının dərin sulu hissəsindən qaz hasilatının başlanması gözlənilir, 2028-ci ildə isə "Şahdəniz" yatağının işlənilməsinin yeni mərhələsinə start veriləcək. Azərbaycan tərəfinin qiymətləndirmələrinə görə, bu layihələrin reallaşdırılması perspektivdə hər il əlavə olaraq 10 milyarddan 15 milyard kubmetrədək qaz əldə etməyə imkan verəcək.

Faktiki olaraq, söhbət Avropa ilə enerji əməkdaşlığının yeni mərhələsi üçün resurs bazasının yaradılmasından gedir. Məhz buna görə də son illərdə avropalı tərəfdaşlar getdikcə daha tez-tez təkcə hazırkı tədarük həcmlərinin qorunub saxlanılmasından deyil, həm də onların artırılmasından danışırlar.

Xarakterikdir ki, bu mövqeyi Brüsseldə də açıq şəkildə təsdiqləyirlər. Avropa İttifaqının energetika üzrə komissarı Dan Yorgensen Trend agentliyinə müsahibəsində vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsinə verdiyi töhfə yalnız artacaq.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanı etibarlı və uzunmüddətli tərəfdaş kimi nəzərdən keçirir, tərəflər arasında enerji əməkdaşlığı isə Avropa İttifaqının Rusiya qazının idxalından tam imtina etməsi şəraitində strateji əhəmiyyət kəsb edir.

Bununla belə, Azərbaycan və Avropa münasibətləri artıq müstəsna olaraq qaz mövzusunun çərçivələrindən kənara çıxır.

İkitərəfli gündəlikdə bərpa olunan energetika sahəsində əməkdaşlıq getdikcə daha nəzərəçarpan yer tutur.

Avropa İttifaqı üçün enerji keçidi inkişafın əsas prioritetlərindən biridir. Lakin keçidin özü sabit enerji mənbələri və etibarlı qaz tədarükçüləri olmadan qeyri-mümkündür. Qaz isə azkarbonlu iqtisadiyyata doğru gedən yolda mühüm keçid resursu kimi nəzərdən keçirilir. Məhz buna görə də Avropa üçün Azərbaycanla qaz və "yaşıl" əməkdaşlıq istiqamətləri bir-birinə zidd deyil, vahid strategiyanın bir-birini tamamlayan elementləridir.

Azərbaycan artıq bərpa olunan energetika layihələrinin reallaşdırılmasında ciddi irəliləyiş nümayiş etdirir. Bu ilin yanvar ayında "ACWA Power" şirkəti tərəfindən reallaşdırılan, regionun ən böyük 240 MVt gücündə olan külək elektrik stansiyası istismara verilib. Daha əvvəl isə "Masdar" şirkəti tərəfindən tikilmiş 230 MVt gücündə olan günəş elektrik stansiyası fəaliyyətə başlayıb.

Eyni zamanda, milli enerji balansında təmiz enerjinin payını əhəmiyyətli dərəcədə artırmalı olan yeni layihələrin icrası davam etdirilir.

Məhz bu əsasda Azərbaycan ilə Avropa arasında enerji tərəfdaşlığının növbəti mərhələsi formalaşır - qaz tədarükündən "yaşıl" elektrik enerjisinin ixracına və transregional enerji dəhlizlərinin inkişafına doğru.

Azərbaycanın enerji sektorunun artan beynəlxalq əhəmiyyətinin əlavə təsdiqi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xaricdəki fəaliyyətinin genişlənməsidir. Bu yaxınlarda şirkət Azərbaycan qazı üçün əsas Avropa bazarı olaraq qalan İtaliyada nümayəndəlik açıb. Eyni zamanda SOCAR Mərkəzi Asiyada da mövqelərini möhkəmləndirməkdə davam edir və Özbəkistanda nümayəndəlik açmağa hazırlaşır. Bu da şirkətin Xəzərdən Avropayadək olan məkanda yeni enerji və nəqliyyat əlaqələrinin formalaşmasında artan rolunu əks etdirir.

Ölkənin tranzit potensialı da eyni dərəcədə mühüm olaraq qalır. Azərbaycan artıq Qazaxıstan və Türkmənistandan gələn neftin dünya bazarlarına nəql edilməsində əsas rol oynayır. Orta Dəhlizə artan maraq şəraitində tranzit əməkdaşlığının enerji komponenti də yeni əhəmiyyət kəsb edərək, ölkəni Avrasiya enerji sisteminin ən vacib qovşaqlarından birinə çevirir.

Ona görə də 2026-cı ilin Bakı Enerji Həftəsi sadəcə növbəti sahə forumu deyil. O, Azərbaycanın dünya energetikasında rolunun möhkəmlənməsinin daha geniş prosesini əks etdirir. Əgər bu gün beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əsasını enerji təhlükəsizliyini və tədarükün sabitliyini təmin edən təbii qaz təşkil edirsə, artıq sabah bu təmələ bərpa olunan energetika, elektrik enerjisinin transsərhəd ötürülməsi və yeni enerji dəhlizləri sahəsindəki irimiqyaslı layihələr əlavə olunur.

Son illərin əsas tendensiyası məhz bundan ibarətdir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq eyni zamanda həm indiki zamanın, həm də gələcəyin əməkdaşlığına çevrilir - burada etibarlı qaz tədarükü bugünkü günün dayanıqlığını təmin edir, "yaşıl" energetikanın inkişafı isə sabahkı günün energetikasının əsasını formalaşdırır.

Milli.Az