Avtomobil salonunda xoş qoxunun olması sürücülər və sərnişinlər üçün daha rahat mühit yaradır. Bunun üçün bahalı hava təravətləndiricilərindən istifadə etmək mütləq deyil.
Milli.Az xəbər verir ki, ev şəraitində hazırlanan sadə vasitələr də avtomobildə uzun müddət xoş ətir yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, kiçik parça və ya pambığın üzərinə bir neçə damcı limon, portağal, lavanda və ya nanə efir yağı damızdıraraq avtomobilin uyğun hissəsində yerləşdirmək kifayətdir.
Bundan başqa, kiçik kisəyə doldurulmuş quru lavanda çiçəkləri və ya qəhvə dənələri də salonun xoş qoxmasına kömək edir. Qəhvə dənələri eyni zamanda xoşagəlməz qoxuların aradan qaldırılmasına da yardım edir.
Bir neçə ədəd darçın çubuğunu və ya qurudulmuş sitrus meyvələrinin qabıqlarını kiçik torbada saxlamaq da təbii ətir mənbəyi hesab olunur.
Qeyd edilir ki, avtomobildə xoş qoxunun davamlı olması üçün salon mütəmadi təmizlənməli, zibil və qida qalıqları vaxtında kənarlaşdırılmalıdır. Bu zaman istifadə olunan təbii vasitələrin təsiri daha uzun müddət hiss olunur.
Fidan
Milli.Az