“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO

29 May 2026 16:19

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı möhtəşəm bir musiqi gecəsinə ev sahibliyi edib. Tanınmış balaban ifaçısı Məqsəd Əzizovun "Balabanın sehrində" adlı solo konserti paytaxt sənətsevərlərinə unudulmaz anlar yaşadıb.

Musiqi proqramı janr zənginliyi ilə diqqət çəkib. Gecədə flamenko ritmləri, klassik musiqi inciləri, dünya kinosundan yaddaqalan bəstələr və bənzərsiz Azərbaycan muğamı milli musiqi alətimiz balabanın ecazkar sədaları altında yenidən canlanıb. 

Məqsəd Əzizovu müşayiət edən "Balabançı" ansamblının milli geyimli üzvləri öz mahir ifaları ilə gecəyə xüsusi rəng qatıblar.

Konsert proqramında Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov kimi dahi bəstəkarlarımızın əsərləri ilə yanaşı, dünya musiqisindən seçmələr, xalq mahnı və milli rəqslərimiz təqdim olunub.

Solistin, onun ansamblının, həmçinin istedadlı musiqiçilərin və rəqs kollektivinin möhtəşəm performansı sürəkli alqışlarla qarşılanıb.

Konsert boyu dinləyicilərə balaban, zurna və tütəkdə təqdim olunan rəngarəng proqram tamaşaçıları musiqi dünyasının zənginliklərinə səyahətə aparıb.

Səsləndirilən bütün musiqi nömrələri tamaşaçıların gurultulu alqışları ilə mükafatlandırılıb.

Milli.Az