Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub - VİDEO - FOTO

29 May 2026 10:18

28 May - Müstəqillik Günü münasibətilə Meksika Deputatlar Palatasının və Azərbaycan Republikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin təşkilatçılığı ilə Meksikanın tarixi San Lazaro Qanunvericilik Sarayında təntənəli konsert proqramı təşkil olunub.

Milli.Az xəbər verir ki, tədbirdə  Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin təmsilçiləri,  həmçinin Azərbaycanın dostları və  diasporunun üzvləri iştirak edib.

Konsertdə açılış nitqi ilə  çıxış edən Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Fətəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünü vurğulayıb, Azərbaycanın müsəlman Şərqində  ilk dünyəvi, parlamentli və demokratik respublika olduğunu qeyd edib. 

Çıxışda Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə milli dövlətçilik tarixində mühüm əsaslar formalaşdırdığı, qadınlara seçki hüququnun verilməsi, parlament idarəetmə sisteminin yaradılması və demokratik islahatların həyata keçirilməsinin ölkənin dövlətçilik tarixində əlamətdar mərhələ olduğu bildirilib.

Eyni zamanda, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişafındakı tarixi rolu xüsusi vurğulanıb.

Tədbirdə Azərbaycan ilə Ermənistan arasında postmünaqişə dövründə sülh və əməkdaşlıq istiqamətində atılan addımlara toxunulub, Azərbaycanın Avrasiya məkanında strateji nəqliyyat və enerji körpüsü kimi əhəmiyyəti diqqətə çatdırılıb.

Çıxışda Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin əhəmiyyətindən söz açılıb, Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) uğurla təşkil olunduğu, Meksikanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunmasından məmnunluq ifadə edilib, Meksikanın WUF14-ə ev sahibliyini qəbul etməsinin Azərbaycan-Meksika əməkdaşlığının inkişafına yeni töhfələr verəcəyi bildirilib.

Çıxışda Azərbaycan-Meksika münasibətlərinin son dövrlərda dinamik inkişaf etdiyi, parlamentlərarası əməkdaşlığın, qarşılıqlı səfərlərin və humanitar əlaqələrin genişləndiyi qeyd olunub. Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Sonda Azərbaycan və Meksika xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.

Daha sonra tədbirdə əsas qonaq qismində çıxış edən Meksika xarici işlər nazirinin müavini xanım Mariya Teresa Merkado Perez ilk öncə tədbirə dəvətə görə Azərbaycan səfirinə təşəkkürünü bildirib, Meksika Xarici İşlər Nazirliyi adından Azərbaycan xalqına və hökumətinə Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırıb. Coğrafi uzaqlığa baxmayaraq bu gün bir birinə yaxın olan iki xalqın dostluğunun qeyd edildiyini bildirib.

Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın qədim dövrlərdən bəri sivilizasiyalar arasında mühüm körpü rolunu oynadığını vurğulayan nazir müavini, ölkəmizin fərqli mədəniyyətləri, dilləri və ticarət yollarını birləşdirməsinin Meksika tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, hər iki ölkə mədəniyyətlərarası dialoqun, əməkdaşlığın və beynəlxalq səviyyədə sülhün təşviqinə mühüm töhfə verir.

Nazir müavini həmçinin vurğulayıb ki, Meksika və Azərbaycanı birləşdirən əsas dəyərlərdən biri suverenliyə, milli kimliyə və xalqların ləyaqətinə olan dərin hörmətdir.

Meksika ilə Azərbaycan arasında münasibətlərin nisbətən gənc olmasına baxmayaraq diplomatik səylər və siyasi iradə sayəsində zamanla müxtəlif sahələrdə inkişaf etdiyini və daha da zənginləşdiyini bildirib.

Hər iki ölkənin BMT kimi çoxtərəfli platformalarda beynəlxalq hüquqa hörmət, mübahisələrin dinc yolla həlli və suveren dövlətlər arasında əməkdaşlıq kimi əsas prinsipləri müdafiə edərək ortaq mövqe nümayiş etdirdiyini di          qqətə çatdırıb.

Siyasi sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası dialoqun xüsusi əhəmiyyət daşıdığını, bu əlaqələrin hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Nazir müavini Meksikanın bir sıra bölgələrində baş vermiş daşqınlar zamanı Azərbaycan hökumətinin göstərdiyi həmrəyliyə və dəstəyə görə dərin minnətdarlığını ifadə edib. O bildirib ki, bu, dostluğun çətin anlarda göstərilən real dəstək və həmrəylik vasitəsilə daha da möhkəmləndiyini bir daha təsdiqləyir.

Qlobal müstəvidə isə Azərbaycanın Bakıda COP29-a ev sahibliyi etməsi yüksək qiymətləndirilib. Nazir müavini vurğulayıb ki, bu mühüm platforma Azərbaycanın iqlim gündəliyinə və planetimizin gələcəyi naminə ortaq həll yollarının təşviqinə sadiqliyini bir daha nümayiş etdirir.

O həmçinin qeyd edib ki, bu gün Meksika Azərbaycanı dinamik inkişaf edən, beynəlxalq arenada getdikcə daha fəal və konstruktiv rol oynayan dost ölkə kimi görür. Ölkələrimizi birləşdirən əsas dəyərlər isə əməkdaşlıq, qarşılıqlı hörmət və suveren dövlətlər arasında dialoqa əsaslanan beynəlxalq münasibətlər anlayışıdır. Bu prinsiplərin artıq otuz ildən çoxdur ki, ikitərəfli münasibətlərimizin təməlini təşkil etdiyi bildirilib.

Ardınca çıxış edən Meksika-Azərbaycan Dostluq Qrupunun rəhbəri, deputat xanım Dulse Mariya Viyyeqas Quarneros ilk növbədə qeyd edib ki, sözügedən dostluq qrupunun rəhbəri qismində bu tədbirdə iştirak etmək onun üçün böyük şərəfdir. O bildirib ki, bugünkü tədbir iki ölkə arasında münasibətlərin əhəmiyyətini vurğulayan mühüm platformadır.

Həmçinin deputat vurğulayıb ki, Azərbaycan öz tarixi, mədəni və bədii irsinə bağlılığını qoruyaraq beynəlxalq arenada getdikcə daha fəal rol oynayan ölkəyə çevrilib. Məhz buna görə də bu bayram yalnız milli deyil, eyni zamanda mühüm diplomatik əhəmiyyət daşıyır.

Çıxışda Meksika Deputatlar Palatası adından ölkələrimiz arasında əməkdaşlıq, qarşılıqlı anlaşma və yaxınlaşma əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Rəsmi çıxışların ardınca qonaqlara əsasən Azərbaycan və Meksika bəstəkarlarının əsərlərindən ibarət xüsusi konsert proqramı təqdim olunub. Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov, solist Selcan Fermor-Hesketh və Meksikada yaşayan həmyerlimiz Nana Babayevanın rəhbərlik etdiyi orkestr kollektivinin iştirakı ilə ərsəyə gələn təntənəli konsert proqramı qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbir Meksika Deputatlar Palatasının rəsmi sosial media kanallarında canlı yayımlanıb.

Milli.Az